Tanınmış jurnalistin pulunu oğurladılar: "Mənə zəng edib dedilər ki, İqbal Ağazadə..."

Tanınmış jurnalistin pulunu oğurladılar: "Mənə zəng edib dedilər ki, İqbal Ağazadə..."

Tanınmış jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkələrdə geniş yayılan kiber-dələduzluğun qurbanı olub. Jurnalist bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edərək baş verənləri detalları ilə açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, naməlum şəxslər "Ümid" Partiyasının sədri İqbal Ağazadənin Teleqram hesabını ələ keçirərək, onun adından jurnalistə müraciət ediblər. Dələduzlar jurnalistə "xəstəxanadayam, kartımda pul yoxdur, 300 manata ehtiyacım var, 1-2 saata geri qaytaracağam" deyərək ondan maddi yardım istəyiblər.

Jurnalist yaxın dostu kimi tanıdığı İqbal Ağazadəyə etimad göstərərək, pulu göndərib. Daha sonra dələduzlar əlavə vəsait tələb edərək, məbləği 600 manata çatdırıblar. Yalnız üçüncü dəfə 340 manat istəniləndə jurnalistdə şübhə yaranıb. İqbal Ağazadə ilə şəxsən əlaqə saxlayan Ləman Ələşrəfqızı siyasətçinin Teleqram hesabının oğurlandığını və onun bu barədə öncədən məlumat verdiyini öyrənib.

Jurnalist öz etirafında qeyd edib ki, DİN-in kiber cinayətkarlıqla bağlı xəbərdarlıqlarını mütəmadi olaraq ictimaiyyətə çatdıran biri kimi, özünün belə bir vəziyyətə düşməsi onun üçün çox üzücüdür:

"Dəfələrlə bu barədə xəbərlər hazırlamışam, amma özüm qurbana çevrildim. Dələduz İqbal bəyin yazı tərzini və üslubunu peşəkarcasına mənimsəmişdi. Məsələni anladığımı bilən kimi hesabını sildi. Allah haram pul yeyənlərin bəlasını versin".

Ləman Ələşrəfqızı sonda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevə müraciət edərək, məsələnin nəzarətə götürülməsini xahiş edib.

Sara,

NOCOMMENT.az