Dünyada urbanizasiya və şəhərsalma məsələləri. Son illərdə qlobal miqyasda urbanizasiya proseslərinin sürətlənməsi və şəhərsalma arxitekturasının yenilənməsi qlobal gündəliyin ən mühüm və strateji mövzularından birinə çevrilib. Sürətli əhali artımı, şəhərlərin xaotik genişlənməsi, kəskinləşən ekoloji problemlər və müasir insanın yaşayış standartlarının keyfiyyətcə dəyişməsi dövlətləri tamamilə yeni, innovativ həll yolları və idarəetmə modelləri axtarmağa vadar edir. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumu (WUF) kimi beynəlxalq platformalar müxtəlif ölkələrin qabaqcıl təcrübə mübadiləsi apardığı, dayanıqlı inkişaf prinsiplərinin müəyyənləşdiyi və gələcəyin modern şəhər modellərinin hüquqi-praktiki müstəvidə müzakirə olunduğu ən mötəbər qlobal platforma hesab edilir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, WUF13 forumu hazırda bəşəriyyətin qarşısında duran ən aktual çağırışlardan biri olan urbanizasiya və ağıllı şəhərlərin salınması məsələlərinə həsr olunan müstəsna əhəmiyyətli beynəlxalq hadisədir: "Son yüz ildə dünyada urbanizasiya prosesi görünməmiş bir sürətlə genişlənib, meqapolislərin əhali sayı və coğrafi əraziləri dəfələrlə böyüyüb. Bu reallıq isə öz növbəsində infrastruktur çatışmazlığı, ekoloji tarazlığın pozulması və sosial bərabərsizlik kimi ciddi regional və qlobal çağırışlar yaradıb. Bu gün əsas prioritet şəhərlərin ekoloji tələblər çərçivəsində yenidən planlaşdırılması, insanların təhlükəsiz, rahat və rəqəmsallaşdırılmış yaşayışının təmin edilməsi, eləcə də karbon qazı emissiyasının azaldılmasına yönəlmiş ekoloji layihələrin həllidir. WUF13 məhz bu nəhəng problemlərin kompleks şəkildə müzakirə olunduğu, qlobal yol xəritələrinin cızıldığı mühüm platformadır. Azərbaycanın bu cür genişmiqyaslı tədbirə ev sahibliyi etməsi rəsmi Bakının beynəlxalq nüfuzuna və humanitar diplomatiyasına çox ciddi, böyük töhfələr verir. COP29 kimi tarixi və nəhəng bir iqlim sammitindən sonra şəhərsalma sahəsində dünyanın bir nömrəli tədbiri sayılan WUF13 forumunun Azərbaycanda təşkili, ölkəmizin qlobal səviyyəli qərarların qəbul olunduğu mərkəz statusunu və təşkilatçılıq potensialını növbəti dəfə bütün dünyaya sübut edir".
Azərbaycanın son illərdə beynəlxalq arenaya təqdim etdiyi ən uğurlu vizit kartlarından biri də məhz işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən irimiqyaslı, müasir şəhərsalma layihələridir. Otuz illik dağıntılardan sonra sıfırdan qurulan bu şəhər və kəndlər rəsmi Bakının şəhərsalma sahəsindəki ən qabaqcıl intellektual və texnoloji təcrübəsini əyani şəkildə nümayiş etdirir. Azərbaycan dövləti azad edilmiş fundamental ərazilərdə ən müasir şəhərsalma standartlarını, memarlıq prinsiplərini uğurla tətbiq etməkdədir. Bu çərçivədə reallaşdırılan və bütöv bir regionun simasını dəyişən “ağıllı şəhər” (smart city) və “yaşıl enerji” konsepsiyalarına əsaslanan pilot layihələr, ekoloji cəhətdən təmiz nəqliyyat sistemləri və sıfır emissiyalı zonalar xarici dövlətlərin və beynəlxalq urbanizasiya ekspertlərinin də böyük marağına səbəb olur.
Ekspert bildirib ki, Azərbaycanın daxili intellektual layihələri qlobal səviyyədə bir nümunə, model kimi qəbul edilməkdədir: "Biz işğaldan azad etdiyimiz əraziləri yalnız bərpa etmirik, biz orada gələcəyin ekoloji cəhətdən təmiz şəhərsalma modelini yaradırıq. WUF13 forumu vasitəsilə Azərbaycan bu unikal təcrübəni qlobal ictimaiyyətə daha yaxından təqdim etmək imkanı qazanır. Forum çərçivəsində imzalanacaq ikitərəfli müqavilələr, xarici investisiyaların cəlb edilməsi imkanları və qabaqcıl texnoloji şirkətlərlə qurulan əməkdaşlıq ölkəmizin iqtisadi şaxələndirmə siyasətinə də mühüm təkan verəcəkdir".
Tunar,












