Zaur Əliyev: Cəbrayılda “Şərqi Zəngəzur” pilot istixana aqroparkı yaradılacaq

Zaur Əliyev: Cəbrayılda “Şərqi Zəngəzur” pilot istixana aqroparkı yaradılacaq

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ixrac potensialının artırılması məqsədilə istixana, aqropark və logistika infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur.

NOCOMMENT.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyində keçirilən mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.

Onun sözlərinə görə, ixrac potensialı və məşğulluq imkanları nəzərə alınmaqla istixana sahələrinin 2030-cu ilədək 2 min hektara çatdırılması hədəflənir. Bu çərçivədə Cəbrayıl rayonunda tərəvəzçilik, meyvəçilik və gülçülük istiqamətlərini birləşdirən “Şərqi Zəngəzur” pilot istixana aqroparkının yaradılması, həmçinin mövcud istixanaların modernləşdirilməsi planlaşdırılır.

Nazir müavini bildirib ki, logistika infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçiriləcək. Belə ki, 2030-cu ilədək əlavə 100 min tonluq soyuducu anbar infrastrukturunun yaradılması və 150 min tonluq yeni müasir taxıl silolarının qurulmasının dəstəklənməsi nəzərdə tutulur.

Gülər,
NOCOMMENT.az