Almaniya Azərbaycanı ortaq güc kimi qəbul edir: Əliyevin Berlindəki səfəri nə deməkdir?

Almaniya Azərbaycanı ortaq güc kimi qəbul edir: Əliyevin Berlindəki səfəri nə deməkdir?

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri iki ölkə arasındakı münasibətlər tarixində ən əhəmiyyətli hadisələrdən biri olub. Səfərin əsas yekunu təkcə İkitərəfli Tərəfdaşlığın Strateji Gündəliyinə dair Birgə Bəyannamənin imzalanması və Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması haqqında qərar deyil, həm də ayrı-ayrı istiqamətlər üzrə əməkdaşlıqdan uzunmüddətli strateji tərəfdaşlığa keçidin qeydə alınmasıdır. Əgər əvvəllər münasibətlər əsasən ticarət və enerji ətrafında qurulurdusa, indi onlar demək olar ki, bütün əsas sahələri – iqtisadiyyat, nəqliyyat, sənaye, təhsil, elm, təhlükəsizlik, müasir texnologiyalar və investisiyaları əhatə edir. Nəticələrə və səsləndirilən bəyanatlara əsasən, Almaniya Azərbaycanı sadəcə enerji resursları təchizatçısı kimi deyil, Cənubi Qafqazın əsas tərəfdaşlarından biri kimi qiymətləndirir.

Bu yanaşma Almaniyanın xarici siyasətindəki daha geniş dəyişiklikləri əks etdirir. Bir sıra dövlətlərlə münasibətlərin uzun müddət ideoloji yanaşmalar prizmasından qiymətləndirildiyi illərdən sonra Berlin yenidən praqmatizmə üstünlük verir. Almaniya üçün Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatı, mühüm enerji tərəfdaşı və Avropa ilə Mərkəzi Asiya arasındakı nəqliyyat əlaqəsinin əsas elementlərindən biridir. Azərbaycan üçün isə Almaniya Avropanın aparıcı iqtisadiyyatı, müasir texnologiyalar, investisiyalar və sənaye avadanlıqları mənbəyidir.

Təsadüfi deyil ki, danışıqların mərkəzində investisiya əməkdaşlığı, enerji və nəqliyyat durub. Avropanın Rusiya enerji resurslarından asılılığı azaldıqdan sonra Azərbaycanın əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artıb. Bu gün Azərbaycan qazı artıq on iki Avropa ölkəsinə ixrac olunur. Bununla belə, Berlində çox gözəl başa düşürlər ki, Bakı Rusiya tədarük həcmlərini tam əvəz etmək gücündə deyil. Onun rolu başqasındadır – Avropanın daha dayanıqlı və şaxələndirilmiş enerji sisteminin formalaşmasında iştirak etməkdir.

Nəqliyyat faktoru da az əhəmiyyət daşımır. Ukraynadakı müharibə, Qara dəniz regionundakı təhlükəsizlik böhranı və Yaxı Şərqdə davam edən qeyri-sabitlik fonunda Avropa dövlətləri Mərkəzi Asiya və Çinlə ticarət üçün yeni marşrutlar fəal şəkildə axtarırlar. Cənubi Qafqaz bu yeni logistika memarlığının mühüm hissələrindən birinə, Azərbaycan isə onun mərkəzi halqasına çevrilir.

Məhz buna görə də Birgə Bəyannamədə nəqliyyat artıq ayrı bir sahə kimi deyil, iqtisadi əməkdaşlığın ümumi strategiyasının bir hissəsi kimi nəzərdən keçirilir. Almaniya infrastruktur layihələrində iştirakını genişləndirməkdə, Orta Dəhlizin inkişafında, logistikanın rəqəmsallaşdırılmasında və Azərbaycan sənayesinin modernləşdirilməsində maraqlıdır.

Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması haqqında qərar da olduqca göstəricidir. Biznes üçün belə strukturlar sadəcə danışıqlar platforması deyil, investisiya layihələrinin müşayiəti, inzibati maneələrin aradan qaldırılması və əməkdaşlığın yeni istiqamətlərinin tapılması üçün daimi mexanizm deməkdir. Bu, alman şirkətlərinin Azərbaycandakı mövcudluğunu əhəmiyyətli dərəcədə genişləndirmək niyyətində olduğunu göstərir.

Lakin səfərin əhəmiyyəti iqtisadiyyatın çərçivəsindən xeyli kənara çıxır. O, Azərbaycanın beynəlxalq siyasətdəki yerinin dəyişməsini əks etdirir.

Hələ bir neçə il əvvəl Bakı Avropa paytaxtlarında əsasən enerji potensialı nöqteyi-nəzərindən qəbul olunurdu. Bu gün məsələlər dairəsi xeyli genişlənib. Azərbaycan regional təhlükəsizlik, Avrasiyanın nəqliyyat əlaqəsi, Avropanın enerji dayanıqlığı və Cənubi Qafqazda sülh prosesi müzakirələrinin iştirakçısına çevrilir. Belə bir gündəm artıq kiçik dövlətlərə deyil, bütövlükdə regionların inkişafına təsir göstərmək qabiliyyətinə malik olan ölkələrə xasdır.

Məhz buna görə də indiki səfəri Almaniyanın faktiki olaraq Azərbaycanı orta güc kimi qəbul etməsinin dolayısı ilə təsdiqi kimi qiymətləndirmək olar. Söhbət regional proseslərə təsir göstərmək və aparıcı dünya oyunçularının tələbat duyduğu tərəfdaş olmaq üçün kifayət qədər potensiala malik olan dövlətin siyasi rolundan gedir.

Avropa üçün bu, sürətlə dəyişən geosiyasi vəziyyət şəraitində xüsusilə vacibdir. Ukraynada davam edən müharibə, Yaxın Şərqdəki təhlükəsizlik böhranı, Avropa ilə Asiya arasında nəqliyyat marşrutları uğrunda artan rəqabət, eləcə də enerji bazarlarının qlobal yenidənqurulması Cənubi Qafqazı Avrasiyanın ən mühüm regionlarından birinə çevrir. Buna uyğun olaraq, bu proseslərin mərkəzində yerləşən dövlətin də əhəmiyyəti artır.

Almaniya-Azərbaycan dialoqunun yeni səviyyəsi əsasən bununla izah olunur. Berlin Azərbaycan qazından daha çox, nəqliyyat əlaqəsini, enerji şaxələndirilməsini və Almaniyanın şərqdə artan maraqlarını təmin etmək qabiliyyətinə malik ölkə ilə uzunmüddətli tərəfdaşlıqda maraqlıdır. Və bu kursun dəyişməz qalması şərtilə, yaxın illərdə iki ölkənin əməkdaşlığı Avropanın Cənubi Qafqazla iqtisadi və siyasi qarşılıqlı fəaliyyətinin əsas amillərindən birinə çevrilə bilər.

Mənbə: minval.az

Azərbaycan dilinə tərcümə etdi: Əli Səfərli,

NOCOMMENT.az