750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

Avropa İttifaqı iyulun 1-dən ABŞ ilə yeni ticarət sazişini icra etməyə başlayacaq. Sazişə əsasən, Avropa tərəfi ABŞ-da bütün Avropa mallarına 15% həcmində gömrük rüsumunun tətbiq edilməsinə razılıq verib. Bunun müqabilində isə ABŞ malları üçün Avropa İttifaqında sıfır gömrük rüsumu müəyyən ediləcək.

NOCOMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilir.

"Avropa İttifaqı ABŞ ilə ticarət sazişinin təsdiqlənməsi prosesini yekunlaşdırıb. Sənəd iyulun 1-dən qüvvəyə minəcək", — deyə Şuranın məlumatında qeyd olunub.

Sözügedən sazişə, həmçinin Avropa İttifaqının 2028-ci ilə qədər ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları satın almaq öhdəliyi də daxildir.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına qarşı yeni əlavə rüsumların tətbiq ediləcəyi hədəsi ilə sazişin iyulun 4-nə qədər qüvvəyə mindirilməsini tələb etmişdi.