Myanmanın şimal-şərqində yerləşən Namhkam şəhərinin Kaunqtup kəndində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində azı 46 nəfər həyatını itirib, onlarla insan isə ağır bədən xəsarətləri alıb.
İlkin məlumatlara görə, faciəyə səbəb dağ-mədən sənayesində istifadə olunan partlayıcı maddələrin saxlanıldığı yeraltı anbar və ya binada baş verən qəza olub.
NOCOMMENT.az xəbər verir ki, hadisə yerinə dərhal xilasedicilər və tibb işçiləri cəlb olunub. Xilasetmə qruplarının verdiyi məlumata görə, dağıntılar altından 6-sı uşaq olmaqla 46 nəfərin cəsədi çıxarılaraq kremasiya edilməsi üçün aparılıb, daha 74 yaralı isə təcili olaraq rayon xəstəxanasına yerləşdirilib. Partlayışın dalğası o qədər güclü olub ki, yaxınlıqdakı 100-dən çox evə ciddi ziyan dəyib, binaların damı uçub və pəncərələri sınıb. Sözügedən ərazi Çin sərhədindən cəmi 3 kilometr məsafədə yerləşir və hazırda mərkəzi hökumətə qarşı mübarizə aparan "Ta'anq Milli Azadlıq Ordusu" (TNLA) adlı etnik silahlı qruplaşmanın nəzarəti altındadır. Qruplaşma partlayıcının mədən işləri üçün saxlanıldığını təsdiqləyib və hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlayıb.
Sara,











