“Fransa sülh sazişi imzalandıqdan sonra Ukrayna ərazisində xüsusi “saxlayıcı qüvvələr” yerləşdirilə bilər. Bu qüvvələr döyüş bölgəsindən uzaq şəhərlərdə, məsələn, Kiyev və ya Odessada fəaliyyət göstərəcək”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.
Onun sözlərinə görə, missiyada Böyük Britaniya, Fransa və Türkiyənin hərbi qulluqçuları iştirak edəcək.
“Saxlayıcı qüvvələr” Ukraynada əsasən hansı məqsədlərlə yerləşdiriləcək? Hüquqi və hərbi səlahiyyətləri nələr olacaq? Bunun Ukrayna-Rusiya münasibətlərinə mümkün təsiri nədən ibarət olacaq?

Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən siyasi ekspert Cavanşir Abbaslı bildirib ki, artıq Trampın 28 bəndlik sülh planından sonra Avropa ölkələri bir növ hərəkətə keçib, 24 bəndlik yeni sülh planı ortaya atılıb
“Bu, Fransa, Böyük Britaniya başda olmaqla Avropanın qabaqcıl ölkələrinin, kollektiv Qərbin Amerika ilə birlikdə Ukrayna üzərindəki savaşın nəticələrindən daha çox faydalanmaq istəyinə qısqanclıqla yanaşdığını göstərir. Belə bir missiyanın ortaya çıxması, ilk növbədə, Ukrayna xalqını gələcəkdə kapitulyasiyaya bənzər Tramp planını qəbul etməyə hazırlamaq məqsədi daşıyır. Yəni bu plan qəbul olunsa belə, Ukraynanın təhlükəsizliyi ilə bağlı verilən vədlər çox vaxt formal xarakter daşıyır.”
Cavanşir Abbaslının sözlərinə görə, bu missiyanın Ukraynaya gəlişi ciddi təhlükələr yarada bilər, çünki ölkənin faktiki olaraq daxildə bir neçə hissəyə parçalanması ehtimalı mövcuddur:
“Tarixi nümunələr göstərir ki, bir zamanlar qardaş Türkiyə belə bir təhlükəni hiss edib və qəhrəman türk xalqının sayəsində bundan xilas olub. Mən 1918-ci ildən etibarən baş verən prosesləri nəzərdə tuturam. O dövrdə Türkiyə dörd hissəyə bölünmüşdü, amma böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə parçalanmaqdan qurtuldu. Atatürk tipində lideri olmayan Ukraynada isə bu cür təhlükələr daha real görünür. Hazırda 20-yə yaxın missiyanın Ukraynada iştirakı planlaşdırılır. Bu missiyalar arasında ziddiyyətlər və narazılıqlar qaçılmazdır.
Nəticədə, Ukrayna kimi ərazi baxımından bir ölkə bir neçə faktiki hissəyə bölünə bilər.
Bunun nəticələri isə artıq məlumdur: Rusiya Şərqi Ukraynada, Avropa və Amerika isə Qərbi Ukraynada öz maraqlarını əldə edib. Bu baxımdan indiki Ukrayna iqtidarı yaranmış ziyanın bir hissəsini geri almaq və prosesləri dayandırmaq üçün addım atmalıdır. Əks halda, bu cür oyunlar davam edəcək.”
Ekspert bildirib ki, təbii ki, qardaş Türkiyə də bu missiyalarda iştirak edəcək:
“Bu, müsbət haldır. Amma Ukraynanın gələcək taleyini düşündükdə, bir neçə missiyanın burada yerləşməsi, guya təhlükəsizlik zəmanəti verməsi həmişə inandırıcı deyil. Tarixi misallar da göstərir ki, 1997-ci ildə nüvə başlıqlı ölkələr tərəfindən verilən təhlükəsizlik zəmanətləri sonradan – 2014 və 2022-ci illərdə iki dəfə pozulub. Belə bir zəmanətin ömrünün nə qədər davam edəcəyini indidən proqnozlaşdırmaq mümkün deyil”
“Xüsusilə Kiyev və Odessa şəhərlərinə diqqət yetirilməsi maraqlıdır. Paytaxtın işğalı ölkənin faktiki süqutu ilə eyni sayılır. Hazırda Rusiyanın bu ərazilərə hücumları davam edir və raket zərbələri endirilir. Ola bilər ki, delimitasiya xarakterli olaraq Kiyevin ətrafına da müəyyən ərazilər qoşulsun. Ümumilikdə proseslər xoşagəlməz istiqamətə gedir və addımlar Rusiya-Ukrayna müharibəsinin ömrünü uzatmağa hesablanıb. Makron başda olmaqla Avropanın qabaqcıl ölkələri artıq Trampın müharibəni bitirməkdə qərarlı olduğunu və Ukraynanın kapitulyasiya sənədinə qol çəkmək müqabilində təslim olmağa hazır olduğunu göstərən 28 bəndlik planı ortaya qoyublar. Avropa isə təbii ki, müharibənin ömrünü uzatmağa çalışır. Bu baxımdan Zelenski Ağ Evdən ayrıldıqdan sonra dərhal 20-yə yaxın Avropa ölkəsinin liderləri ilə Londonda görüş keçirib və onu ruhlandırmağa çalışıblar. Bu da həmin planın məqsədlərindən biridir”, – Ekspert qeyd edib.











