Dəməşqdə Dördüncü Ağır Cinayətlər Məhkəməsi Suriya xalqına qarşı cinayətlər törətməkdə ittiham olunan Atif Nəcib və digər təqsirləndirilən şəxslər barəsində açılmış cinayət işi üzrə hökmün elan edilməsi üçün doqquzuncu iclasını keçirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumat yayıb.
Məlumata görə, Dəməşqdəki Ağır Cinayətlər Məhkəməsi devrilmiş prezident Bəşər Əsəd və onun qohumu Atif Nəcib barəsində ölüm hökmü çıxarıb.
Hakim Fəxrəddin Əl-Əryan hökmün elan edildiyi iclasda bildirib ki, “istintaq materialları və şahid ifadələri” Atif Nəcibin Dəra şəhərində etirazların başlamasından sonra bir sıra saxlanılan şəxslərin dindirilməsində iştirak etdiyini təsdiqləyib.
Onun sözlərinə görə, Atif Nəcibin rəhbərlik etdiyi Dəradakı Siyasi Təhlükəsizlik Şöbəsi digər təhlükəsizlik qüvvələri ilə birlikdə şəhərdəki Öməri məscidinə basqın edib.
Hakim qeyd edib ki, Atif Nəcib “Suriya inqilabının başlanğıcında Dərada mülki şəxslərə qarşı təhlükəsizlik əməliyyatına rəhbərlik edib”. O vurğulayıb ki, istintaq materialları və şahid ifadələrinə əsasən, Nəcibə aid edilən əməllər insanlıq əleyhinə cinayətlər təşkil edir.
Hakim həmçinin bildirib ki, “cinayətkar Bəşər Əsədin bu cinayətlərdə iştirakı ən yüksək səviyyədə qərar qəbul edən şəxs kimi həyata keçirilib və dövlət qurumlarından bu məqsədlər üçün istifadə olunub”.
Məhkəmə Bəşər Hafiz Əsədi bir neçə şəxsin, o cümlədən uşaqların qəsdən və bilərəkdən öldürülməsi, işgəncə verilməsi və özbaşına həbs cinayətlərində, həmçinin digər ağır cinayətlərdə təqsirli bilib.










