Ermənistanda keçirilən son parlament seçkilərindən sonra ölkə rəhbərliyinə qarşı xaricdə və daxildə müxalifət mərkəzlərinin birləşməsi prosesi yeni mərhələyə qədəm qoyub. Xüsusilə Soçidə baş tutan Rusiya-Ermənistan “Lazarev klubu”nun genişləndirilmiş toplantısı Nikol Paşinyan hakimiyyətinə qarşı Moskvada yeni siyasi platformanın formalaşdığını açıq şəkildə nümayiş etdirdi. Tədbirdə iştirak edən tanınmış erməni siyasətçiləri, diaspor nümayəndələri və Rusiya Dumasının deputatları iyunun 7-də keçirilən seçkilərin nəticələrini və ölkədəki mövcud idarəetmə kursunu sərt şəkildə tənqid edərək, İrəvanın Qərbə inteqrasiya siyasətinin region üçün təhlükə yaratdığını iddia ediblər.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, Rusiyadakı erməni diasporunun müəyyən dairələri ilə İrəvandakı radikal müxalifət qüvvələrinin Soçi platformasında bir araya gəlməsi təsadüfi deyil və bu, Kremlin Ermənistandakı mövcud hakimiyyətə qarşı təzyiq rıçaqlarını yenidən işə salmaq cəhdidir: "Moskva və digər Rusiya şəhərlərindən idarə olunan bu cür siyasi təşəbbüslər Paşinyanın Qərbyönlü xəttini məhdudlaşdırmağa və daxildə ictimai narazılığı qızışdırmağa hesablanıb".
Onun sözlərinə görə, Erməni Apostol Kilsəsinin mövqeyindən istifadə edərək məsələni beynəlxalq dini müstəviyə – Patriarx Kirill və Papa XIV Leoya müraciət səviyyəsinə qaldırmaq cəhdləri də məhz mövcud hakimiyyətin legitimliyini zədələməyə yönəlmiş növbəti siyasi texnologiyadır: "Hələlik bu qüvvələrin tam miqyaslı vahid hərəkat kimi formalaşması sual altındadır, lakin diasporun maliyyə-siyasi dəstəyi ilə İrəvandakı narazı qrupların birləşməsi gələcəkdə Ermənistanın daxili sabitliyi və xarici siyasət kursu üçün ciddi başağrıları yarada bilər".
Tunar,










