2026 FIFA Dünya Kubokuna uğurlu start verən Cənubi Koreya A qrupundakı ilk oyununda rəqibini 2:1 hesabı ilə məğlub edib. Koreyalılar əzmkar qələbə qazanaraq turnirə 3 xalla başlayıblar.
NOCOMMENT.az xəbər verir ki, Cənubi Koreyaya qələbə gətirən qolu oyunun 80-ci dəqiqəsində "Beşiktaşı"n hücumçusu Hyon-Gyu O vurub.
Matçdan sonra futbolçu qarşılaşmadan əvvəl səhhətində ciddi problemlər olduğunu bildirib:
"Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Bugünkü oyundan əvvəl hərarətim 38 dərəcəyə qalxmışdı. Fiziki vəziyyətim çox pis idi və oynaya biləcəyimdən narahat idim. Mənə qayğı göstərən bütün tibbi heyətə təşəkkür edirəm. Onların sayəsində meydana çıxa bildim və hətta qol da vurdum. Dünya Kubokunda oynamaq belə böyük xoşbəxtlikdir, qol vurmaq və qələbə qazanmaq isə tamam başqa hissdir. Bu uğurun verdiyi motivasiyanı təvazökarlıqla davam etdirmək istəyirəm”, - deyə futbolçu bildirib.
Qələbədən sonra Hyon-Gyu O-nun ailəsinə məxsus ilanbalığı şorbası restoranı da ölkədə gündəmə çevrilib. Restoranın girişinə vurulan elan isə dünya mediasının diqqətini çəkib:
“Bağlıyıq. 8 iyundan 30 iyuna qədər Dünya Kubokunda olacağıq. Buna görə üzr istəyirik. Oğlumuz Dünya Kubokunda milli komandanın üzvü kimi çıxış edir. Ailə olaraq onun yanında olmaq və dəstək vermək istəyirik".
Cənubi Koreya mətbuatı isə futbolçunu manşetlərə daşıyıb. Yerli media onu “Böhrandan xilas edən qəhrəman” adlandırıb./unikal/











