ABŞ və İran arasında iki aydır davam edən hərbi böhranın nizamlanması və çərçivə sazişinin imzalanması istiqamətində aparılan danışıqlarda gərginlik və intizar pik həddə çatıb. Beynəlxalq birlik hər an tərəflərdən gələcək tarixi sülh bəyanatını gözləyir.
NOCOMMENT.az xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehliyə rəsmi səfəri zamanı jurnalistlərin suallarını cavablandıran ABŞ Dövlət katibi Marko Rubio İranla yekun sülh sazişinin elan olunma ehtimalının çox yaxın olduğunu diqqətə çatdırıb. Dövlət katibi rəsmi sənədin "bəlkə də elə bu gün" imzalanacağını istisna etməyib. Bununla belə, o, tələsik və uzağa gedən nəticələr çıxarmamağa çağıraraq, Tehrandan rəsmi cavabın alınmasının bir qədər də vaxt apara biləcəyini vurğulayıb. Rubio eyni zamanda Ağ Evin bu tarixi müqaviləni əslində ötən həftəsonu imzalamağı planlaşdırdığını da ilk dəfə rəsmən təsdiqləyib.
Vaşinqtonun bu nikbin rəsmi bəyanatlarına rəğmən, İran tərəfi hələ də diplomatik sferada böyük sərastlıq və ehtiyatlılıq nümayiş etdirir. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Esmail Baqai mövzu ilə bağlı verdiyi açıqlamada prosesin yekunlaşmaqdan hələ uzaq ola biləcəyinə işarə edib:
"Müzakirə olunan məsələlərin böyük bir hissəsi üzrə razılıq əldə etdiyimizi demək tamamilə doğrudur. Lakin müqavilənin imzalanmasının artıq qaçılmaz olduğunu iddia etmək tezdir, bunu hələlik heç kim dəqiq deyə bilməz".
Buna baxmayaraq, pərdəarxası diplomatik mənbələrdən gələn məlumatlar prosesin olduqca ciddi mərhələdə olduğunu göstərir. "CBS News" telekanalının öz etibarlı mənbələrinə istinadən yaydığı məlumata görə, İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei hazırlanmış çərçivə sazişinin ümumi konturlarını artıq şəxsən təsdiqləyib və sənədə yaşıl işıq yandırıb. Lakin "Axios" nəşrinə danışan amerikalı diplomatik mənbələr hələ də tam uzlaşdırılmamış bəzi fundamental bəndlərin qaldığını və sazişin istənilən an tamamilə pozulma riski daşıdığını xatırladırlar.
Sara,
NOCOMMENT.az











