2026-cı il üçün Qlobal Sülh İndeksi (Global Peace Index, GPI) İkinci Dünya müharibəsindən bəri ən aşağı həddə düşüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə müvafiq statistika GPI ilə əlaqəli olan "Vision of Humanity" layihəsinin rəsmi saytında dərc edilib.
Tədqiqata əsasən, hazırda dünyada həlli getdikcə çətinləşən rekord sayda münaqişələr müşahidə olunur. Müharibə və toqquşmalara cəlb olunan dövlətlərin sayı, demək olar ki, iki dəfə artaraq 2008-ci ildəki 59-dan 2026-cı ildə 103-ə çatıb. 2018-2025-ci illər ərzində pilotsuz uçuş aparatlarının (PUA) hücumlarında 11 500%-dən çox artım qeydə alınıb. Qlobal münaqişələr nəticəsində ölüm halları tarixi maksimuma yüksəlib: 2025-ci ildə 181 mindən çox insan bu toqquşmaların qurbanı olub ki, bu da 2008-ci ilin göstəricilərindən altı dəfə çoxdur.
2026-cı ilin məlumatlarına görə, sülhsevər ölkələrin siyahısında sonuncu yeri Rusiya tutur. Ən təhlükəli ilk beşliyə, həmçinin Sudan, Konqo Demokratik Respublikası, Ukrayna və İsrail daxil edilib. Dünyanın ən təhlükəsiz ölkələri kimi isə İslandiya, Yeni Zelandiya, İsveçrə, Sloveniya və İrlandiya tanınıb.
İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən tərtib edilən Qlobal Sülh İndeksi ölkələrin sülhsevərlik səviyyəsini ölçən dünyanın aparıcı göstəricisidir. İndeks ilk dəfə 2007-ci ilin may ayında hesablanıb. Onun əsas məqsədi zorakılığın və ya zorakılıq qorxusunun olmamasını ölçməkdir. Layihə, həmçinin sülh sahəsində meyillərin təhlilinə, onun iqtisadi dəyərinin öyrənilməsinə və daha sülhsevər cəmiyyətlərin qurulması yollarının axtarışına yönəlib.
GPI sülhün vəziyyətini üç əsas blokda birləşdirilmiş 23 kəmiyyət və keyfiyyət göstəricisi əsasında qiymətləndirir: ictimai təhlükəsizlik və müdafiə səviyyəsi, davam edən daxili və xarici münaqişələrin miqyası, eləcə də ölkələrin hərbiləşdirilmə dərəcəsi. /Oxu.Az/











