İstanbul 40-cı Ağır Cəza Məhkəməsində davam edən və 77-si həbsdə olmaqla ümumilikdə 414 müttəhimin mühakimə olunduğu "İBB davası"nın 34-cü günündə dramatik hadisələr yaşanıb. Həbsdə olan və vəzifəsindən uzaqlaşdırılan İBB Başçısı Əkrəm İmamoğlunun da iştirak etdiyi prosesdə müttəhim Mustafa Keleşin müdafiə çıxışı məhkəmə zalında hər kəsi sarsıdıb. Çarpaz dindirilmə zamanı söz alan Əkrəm İmamoğlu gənc müttəhimə "Dəyərli oğlum" deyə müraciət edərək danışmağa başlasa da, hıçqırıqlara boğularaq göz yaşlarını saxlaya bilməyib və ağlamaqdan çıxışını tamamlaya bilməyib.
NOCOMMENT.az xəbər verir ki, İBB İdman Klubu sədri Fatih Keleşin oğlu olan Mustafa Keleş öz müdafiəsində 11 aydır heç bir konkret sübut olmadan həbsdə saxlanıldığını və ağır şəraitdən əziyyət çəkdiyini vurğulayıb. O, 21 nəfərlik nəzərdə tutulan cinayət kamerasında 60 nəfərlə birlikdə qaldığını, insanların növbə ilə yerdə yatdığını və koğuşda qatillərlə bir yerdə saxlanıldığını bildirib. Keleş savcılığın atasını "təşkilat rəhbəri" kimi qələmə verdiyini, lakin aralarında ata-oğul münasibətindən başqa heç bir qanunsuz bağın olmadığını deyərək, "Əgər sadəcə ata-oğul olmaq cinayət əlaqəsi üçün yetərlidirsə, onda Allah məni cinayətkar olaraq dünyaya gətirib?" sualı ilə ittihamlara etiraz edib.
Gənc müttəhim həmçinin məhkəmə zalına gələn ailəsinin yaşadığı mənəvi sarsıntılardan danışaraq anasının gözlərindəki acıya baxmağa dözə bilmədiyini qeyd edib. O, Cebeci mədən sahəsi ilə bağlı heç bir səlahiyyətinin olmadığını, rüşvət ittihamlarının tamamilə əsassız olduğunu və bir çox ağır cinayət törədən şəxslərin sərbəst buraxıldığı halda onun hələ də həbsdə saxlanılmasının ədalətsizlik olduğunu vurğulayıb. İmamoğlunun və digər bələdiyyə rəsmilərinin də daxil olduğu bu irimiqyaslı məhkəmə prosesi həm hüquqi, həm də insani dramlarla Türkiyə gündəminin mərkəzində qalmağa davam edir.
Əli Səfərli,
NOCOMMENT.az












