Azərbaycanda kartdan-karta köçürmələr üzrə gündəlik və aylıq limitlərin tətbiqi ilə bağlı verilən qərar müzakirələrə səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, iqtisadçı Asif İbrahimov bildirib ki, əsas müzakirə kartdan-karta köçürmələrə limit qoyulması deyil, sahibkarların niyə qeyri-rəsmi ödəniş üsullarına üstünlük verməsi olmalıdır.
Onun sözlərinə görə, problemin nəticəsi ilə deyil, səbəbi ilə mübarizə aparmaq lazımdır:
“Bu gün əsas sual “kartdan-karta köçürmələrə necə limit qoyaq?” yox, “sahibkar niyə vergidən yayınmağa çalışır?” olmalıdır. Problemi yaradan səbəblər aradan qaldırılmadıqca bazar həmişə yeni çıxış yolları tapacaq”.
Ekspert hesab edir ki, dövlət ilk növbədə sahibkarların POS-terminaldan niyə istifadə etmək istəmədiyini və vətəndaşlardan niyə şəxsi kart hesabına ödəniş etmələrini xahiş etdiyini araşdırmalıdır.
A. İbrahimov bildirib ki, bunun əsas səbəbləri vergi inzibatçılığı, bank xidmətlərinin yüksək xərcləri, rəqabət mühiti və nəzarət mexanizmlərindəki boşluqlardır.
Onun fikrincə, POS-terminal əməliyyatları üzrə komissiyalar və elektron ödənişlərlə bağlı əlavə xərclər xüsusilə mikro və kiçik sahibkarlar üçün maliyyə yükü yaradır. Bu isə bəzi sahibkarları qeyri-rəsmi ödəniş üsullarına yönəldir.
Ekspert vurğulayıb ki, kartdan-karta köçürmələrə limit tətbiqi problemi tam həll etməyəcək:
“Bu gün kartdan-karta köçürmələr məhdudlaşdırılacaq, sabah nağd hesablaşmalar artacaq, sonra isə bazar başqa qeyri-rəsmi mexanizmlər tapacaq. Problem həll olunmayacaq, sadəcə formasını dəyişəcək.”
Onun sözlərinə görə, uzunmüddətli həll üçün POS-terminaldan istifadəyə nəzarət gücləndirilməli, elektron ödənişlərin maya dəyəri və sahibkarların inzibati yükü azaldılmalı, vergi siyasəti isə qanuni fəaliyyət göstərməyi daha sərfəli etməlidir.\\bakupost.az











