Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 24-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacaq.
NOCOMMENT.az xəbər verir ki, Türkiyə lideri bu barədə Cənubi Afrikada keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu həftə mən [ Ukrayna prezidenti Vladimir] Zelenskini qəbul etdim. Sabah mənim cənab Putinlə telefon danışığım olacaq”, – siyasətçi vurğulayıb.
Ərdoğan G20 sammiti çərçivəsində Ukrayna münaqişəsinin həllini müzakirə etmək üçün bir sıra ikitərəfli görüşlər barədə danışıb. “Biz israrla sülhün əldə edilməsinə yönəlmişik”, – Türkiyə prezidenti əlavə edib.
Bundan əvvəl jurnalist Pavel Zarubin Trampın Ukrayna sülh planının müzakirələri fonunda Putinin gərgin həftəsi barədə məlumat vermişdi. Xəbər verildiyi kimi, Rusiya liderinin 24-30 noyabr tarixləri üçün planına beynəlxalq əlaqələr və telefon danışıqları daxildir.












