Ermənistan vətəndaşlarına xarici telefon nömrələri və elektron poçt ünvanlarından bəzi seçki məntəqələrində bomba yerləşdirildiyi barədə zənglər və mesajlar göndərilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində həmin məlumatların həqiqəti əks etdirmədiyi müəyyən olunub və həyəcan siqnalı yalan çıxıb.
Nazirliyin açıqlamasında qeyd olunub ki, bu cür hərəkətlər normal seçki prosesini pozmağa, əhali arasında narahatlıq və inamsızlıq yaratmağa, həmçinin dövlət qurumlarının fəaliyyətini çətinləşdirməyə yönəlmiş hibrid təsir və informasiya-psixoloji təzyiq cəhdləri kimi qiymətləndirilə bilər.
Ermənistan DİN vurğulayıb ki, polis və digər hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.
Qurum vətəndaşları dezinformasiyaya inanmamağa, təsdiqlənməmiş məlumatları yaymamağa və bu cür mesajlar aldıqları halda dərhal hüquq-mühafizə orqanlarına məlumat verməyə çağırıb. (Globalinfo.az)











