Əsəd bu ölkədə səfirliyin kirayə pulunu ödəməyib

Əsəd bu ölkədə səfirliyin kirayə pulunu ödəməyib

Hazırda Moskvada gizlənən diktator Bəşər Əsədin qəribə xüsusiyyətləri varmış. Kefindən, ya da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətləri korlandığı üçün Suriyanın Ankaradakı səfirliyinin icarəyə götürdüyü mülkün pulunu ödəməkdən imtina edib.

NOCOMMENT.az Türkiyənin “Sözçü” nəşrinə istinadən xəbər verir ki, İngiltərədə rəsmi səfərdə olan nazir Şeybani paytaxt Londondakı “Chatham House” beyin mərkəzində keçirilən “Yeni Suriya üçün Xarici Siyasət” adlı sessiyada çıxış edərkən bu məsələyə də toxunub.

O, ölkəsinin Türkiyəyə səfir təyin edilməsi ilə bağlı suala belə cavab verib: “Suriyanın İstanbuldakı konsulluğunun yükünü azaltmaq üçün Qaziantepdə konsulluq açdıq. Bunun üçün Türkiyə Xarici İşlər Nazirliyindən icazə almışıq. Suriyanın Ankaradakı səfirliyi isə icarəyə götürülmüşdü, lakin Suriya rejimi icarə ödənişlərini yapmadı və biz bu mülkü itirdik. Türkiyə hökuməti ilə danışıqlarımız davam edir. Türkiyədə Suriya səfirliyini açmağa yaxınıq. Təbii ki, bizim Türkiyə ilə imtiyazlı münasibətlərimiz olduğu üçün Türkiyədəki missiyamız və səfirliyimiz önəmlidir”, – deyə nazir vurğulayıb.

“Yeni ildə Suriyanın xarici nümayəndəliklərində kadr dəyişikliyi olacaqmı? Türkiyə Suriyaya səfir təyin etdiyi halda, Dəməşq hələ bunu etməyib. Ankaraya nə vaxt səfir təyin etməyi düşünürsünüz? Bu addım üçün hər hansı bir zaman qrafiki müəyyən edilibmi?” sualına cavab olaraq nazir deyib ki, ölkəsinin xaricdəki diplomatik missiyaları yenidən qurulmalıdır. “Bu, emosional reaksiya deyil, plana uyğun həyata keçirilir”.

Xatırladaq ki, məhz Türkiyə və Azərbaycan kimi dövlətlər bütün dünyada Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını müdafiə edir.

Xatirə SADİQ