Qərbi Avropada müşahidə olunan ekstremal istilər Fransada ölüm hallarının sayını nəzərəçarpacaq dərəcədə artırıb. Fransanın Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən "Santé publique France" qurumunun yaydığı ilkin məlumatlara görə, iyunun 23-dən etibarən ölkədə gündəlik ölüm göstəriciləri proqnozlaşdırılan normaları üstələyib.
NOCOMMENT.az xəbər verir ki, rəsmi hesabatda xüsusilə havanın temperaturuna görə "qırmızı" təhlükə səviyyəsi elan edilmiş regionlarda ölüm hallarının daha çox olduğu vurğulanıb. Statistikaya əsasən, iyunun 24-də ölkə üzrə 1200-dən çox, iyunun 25 və 26-da isə hər gün 1400-dən çox ölüm faktı qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, aprel və may aylarında ölkədə orta gündəlik ölüm sayı 900 ilə 1000 arasında dəyişirdi.
Qurumun ilkin qiymətləndirmələrinə əsasən, iyunun 24-dən bu günə qədər olan dövrdə əvvəlki ayların statistikası ilə müqayisədə təxminən 1000 nəfər daha çox ölüm hadisəsi baş verib. Mütəxəssislər, xüsusilə ev şəraitində vəfat edənlərin sayındakı artımın narahatedici olduğunu bildirirlər. Rəsmi qurumlar əhalini, xüsusilə yaşlıları və xroniki xəstəliyi olanları isti havalarda ehtiyatlı olmağa, günün pik saatlarında küçəyə çıxmamağa və kifayət qədər maye qəbul etməyə çağırıb.
Sara,
NOCOMMENT.az











