Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili hesab edir ki, həbsdə olan keçmiş prezident Mixail Saakaşvilinin mülki xəstəxanada üç il yarım qalması ilə bağlı xərcləri onun həbsxanadan müalicə üçün köçürülməsinə kömək edən “Brüsseldən olan bürokratlar” ödəməlidir.
NOCOMMENT.az bu barədə gürcü KİV-nə istinadən xəbər verir.
“Məni bir sual maraqlandırır: onun xəstəxanada qalmasının neçəyə başa gəldiyini müəyyənləşdirməliyik. Mənə maraqlıdır bu necə məbləğdir. Sonra gürcü xalqına bu xərcləri ödəməli olan Brüsseldəki o bürokratlardan soruşmaq lazımdır. Maraqlıdır, onların isteriyaları və yalan narrativləri gürcü xalqına nə qədər baha başa gəlib”, – deyə Papuaşvili jurnalistlərə deyib.
Onun sözlərinə görə, “avropalı bürokratlar” Ukrayna və Moldova prezidentləri ilə birlikdə öz məqsədlərini güdərək, “Saakaşvilinin həbsxanada işgəncələrə məruz qalması barədə yalan danışıblar”. İndi Papuaşvili onlardan üzr istəməsini tələb edir.
“Bu gün siz prezident Zelenskini alqışlayırsınız, ancaq Saakaşvilini ölkədə sabitliyi pozmaq üçün gətirən odur. Baxın sizin Zelenskiniz kimdir… Genişmiqyaslı müharibə gedir, onlar isə buradan vəziyyəti yelləndirməyə çalışırdılar ki, Gürcüstan Rusiya ilə eskalasiyaya girsin, bunun sonu müharibə ilə bitsin”, – o deyib.
Saakaşvili 2021-ci ildən bəri vəzifə cinayətlərinə görə həbsdədir. Hazırkı hökmlərə görə, Saakaşvili 2034-cü ilə qədər dəmir barmaqlıqlar arxasında qalmalıdır. Bununla belə, hətta həbsxanada da ona qarşı cinayət işləri getdikcə artır. Bu ay Saakaşvili və daha bir neçə müxalifətçi “təxribat”da ittiham olunub.
Xatirə SADİQ











