Türkiyəli məşhur müğənni və xeyriyyəçi Haluk Levent rəhbərlik etdiyi "Ahbap" Dərnəyinə qarşı aparılan genişmiqyaslı istintaq çərçivəsində Bursada saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, istanbul Baş Prokurorluğu tərəfindən idarə olunan bu araşdırma çərçivəsində onun müvafiq prosedurlar üçün İstanbula aparılacağı bildirilir.
İstanbul Polisinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən keçirilən əməliyyatda sənətçiyə qarşı bir neçə ağır maddə - Dərnəklər haqqında qanunun tələblərini pozma, Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (çirkli pulların yuyulması), Cinayətkar şəbəkəyə üzv olma - irəli sürülüb.
Prokurorluq dərnəyin fəaliyyətini, toplanan ianələri, kibertəhlükəsizlik və bütün maliyyə proseslərini çoxşaxəli şəkildə yoxlayır.
Saxlanılma qərarı dərnəklə bağlı toplanmış rəsmi dəlillər və ifadələr əsasında qəbul edilib.
Haluk Leventin saxlanılması hadisəsi Türkiyə KİV-lərində olduqca səs-küylü, genişmiqyaslı ittihamlar və qarşılıqlı bəyanatlarla işıqlandırılıb. Sənətçinin işi ilə bağlı həm hüquqi dosyenin şok detalları, həm sənətçinin ilk reaksiyası, həm də hadisənin siyasi pərdəarxası müzakirə olunur.
İddiaya görə, Haluk Levent 2020-2026-cı illər arasında özünə bağlı hesablar üzərindən 990 milyon lirəlik qanuni/qanunsuz mərc oynayıb və bunun 390 milyon lirəsini itirib. Həmçinin "Ahbap" dərnəyinin hesabından sənətçinin assistenti Yeliz Kayanın hesabına 120 milyon TL köçürüldüyü irəli sürülür.
Bildirilir ki, sənətçi barəsində çıxarılan ölkədən çıxış qadağasını öyrəndikdən sonra İstanbul Hava Limanından geri qayıtmalı olub. O, planını dəyişərək Yalova üzərindən Bursada bir tır parkına gedib və polis qrupları tərəfindən məhz orada saxlanılıb.
Yaranmış gündəmlə bağlı Haluk Levent sosial media hesabında paylaşım edərək, maraqlı açıqlama verib:
"Mənim şəxsi borc-alacaq münasibətlərimi "Ahbap" dərnəyi ilə əlaqələndirməyə çalışırlar. Daxili İşlər Nazirliyinə müraciət edərək dərnəyin təcili təftiş olunmasını özüm istəmişəm. Əsl bombanı gözləyin. Yaxında edəcəyim açıqlamalarda bu prosesin bura necə gətirildiyini görəcək və heyrətlər içində qalacaqsınız". Bakupost.az











