Həkim-allerqoloq Yelena Moskayeva sürücülərə avtomobil kondisionerlərinin gizli təhlükələri barədə xəbərdarlıq edib. İmmunoloq bildirib ki, maşındakı ventilyasiya sistemində kütləvi şəkildə kif göbələkləri və toz gənələri toplana bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat Rusiyanın "İzvestiya" qəzetində yayımlanıb.
Ekspertin sözlərinə görə, kondisioner işə salınarkən daxildə yığılan mikrohissəciklər və bitki tozcuqları qəfil havaya qalxır. Sürücü və sərnişinlər bu havanı udduqda bədəndə kəskin allergik reaksiyalar baş qaldırır. Xüsusilə allergiyaya meylli insanlar üçün bu vəziyyət ciddi fəsadlar yaradır.
Kondisionerdə allergenlərin yığılmasını vaxtında müəyyən etmək üçün mütəxəssislər üç əsas amilə diqqət yetirməyi tövsiyə edirlər. Sistem qoşularkən gələn qəribə qoxu, zəif hava axını və şüşələrin tez dumanlanması daxildə çirklənmənin olduğunu göstərir. Bu əlamətlərdən biri belə yarandıqda filterlərin təmizlənməsinə ehtiyac yaranır.












