İran Hörmüz boğazında rüsumları ləğv etdi

İran Hörmüz boğazında rüsumları ləğv etdi

İran Hörmüz boğazında rüsumları ləğv etdi

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası Hörmüz boğazından keçən gəmilərlə bağlı yeni və mühüm qərar qəbul edib. İmzalanan anlaşmaya əsasən, Tehran növbəti 60 gün ərzində boğazdan istifadə edən gəmilərdən heç bir ödəniş tələb etməyəcək və bütün xərcləri öz üzərinə götürəcək.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, bu qərar "İslamabad Anlaşma Memorandumu" çərçivəsində atılıb. Şuranın bəyanatında qeyd olunur: "Memoranduma uyğun olaraq, 60 gün ərzində müraciət edənlərdən heç bir rüsum tutulmayacaq və bütün aidiyyəti xərclər İran hökuməti tərəfindən qarşılanacaq".

Yeni rejimə baxmayaraq, boğazdan keçmək istəyən bütün gəmilər üçün prosedurlar qüvvədə saxlanılır. Belə ki, gəmi sahibləri İranın Fars körfəzinə Nəzarət İdarəsinə (PGSA) əvvəlki qaydada müraciət etməlidirlər. Lakin rəsmi qurum bütün müraciətlərə operativ şəkildə baxılacağını və heç bir ləngiməyə yol verilməyəcəyini vəd edir.

Bundan əlavə, Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə əldə olunan razılaşmanın digər bir mühüm bəndini də təsdiqləyib. İran tərəfi ABŞ ilə imzalanan memoranduma uyğun olaraq, Hörmüz boğazında minalardan təmizlənmə işlərinin aparılması üçün bütün lazımi tədbirləri görəcək. Bu addım regionda gəmiçilik təhlükəsizliyinin bərpası və beynəlxalq ticarətin normal axınının təmin edilməsi istiqamətində atılmış ən konkret addımlardan biri kimi qiymətləndirilir.

Əli Səfərli,

NOCOMMENT.az