İran neft sektorunu dünyaya açır: "Böyük investisiya meydançası hazır!"

İran neft sektorunu dünyaya açır: "Böyük investisiya meydançası hazır!"

İran ilə ABŞ arasında əldə olunan razılaşmadan sonra Tehran öz neft sənayesini beynəlxalq investorlar üçün geniş şəkildə açdığını bəyan edib.

NOCOMMENT.az İranın "Shana" nəşrinə istinadən xəbər verir ki, İranın neft naziri Möhsün Paknejad bu sektoru dünya iqtisadiyyatında ən böyük investisiya imkanları və tərəfdaşlıq platforması adlandırıb. Nazirin sözlərinə görə, razılaşmanın "ruhuna" sadiq qalan qərbli tərəfdaşlar üçün İranın neft sənayesi geniş imkanlar vəd edir.

Paknejad artıq yüzlərlə investisiya təklifinin nəzərdən keçirildiyini və əməkdaşlıq üçün yeni müqavilə modellərinin hazırlandığını bildirib: "Biz istənilən əməkdaşlıq təkliflərini qısa müddətdə qiymətləndirməyə və müqavilə mərhələsinə çatdırmağa hazırıq".

Nazir qeyd edib ki, xarici şirkətlərlə işləyəcək yerli tərəfdaş qruplar müəyyən edilib və Neft Nazirliyi investisiyaların cəlb edilməsi üçün operativ işçi qrupları təşkil etməyə hazırdır. Paknejad sonda vurğulayıb ki, İranın neft sənayesi 40 günlük mübarizəyə baxmayaraq öz yolunu davam etdirir: "Əgər xarici kapital gəlsə, biz hazır olacağıq; gəlməsə də, biz iranlıyıq və vətənimizi yüksəltməkdən bir an belə dayanmayacağıq".

Əli Səfərli, NOCOMMENT.az