İranda qadın hüquqları və məcburi hicab qaydaları ətrafında yaşanan gərginlik növbəti qanlı faciəyə səbəb olub. Ölkənin şimalında yerləşən Lahican şəhərində rejim tərəfdarı olan silahlı şəxs bir qadını amansızlıqla qətlə yetirib.
NOCOMMENT.az xəbər verir ki, hadisə Lahican şəhərindəki "Ağa Seyid Murtuza" qəbiristanlığında baş verib. Məlumata görə, hökumətyönümlü "Bəsic" xalq könüllüləri dəstəsinin üzvü olan silahlı şəxs 46 yaşlı Müjgan Həsənfuru odlu silahdan açdığı atəşlə qətlə yetirib. Hadisə ötən həftənin cümə axşamı, qadın 7 yaşlı qardaşı oğlu ilə birlikdə valideynlərinin məzarını ziyarət etməyə gələn zaman qeydə alınıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, silahlı şəxs Müjgan Həsənfura hicab qaydalarına düzgün riayət etmədiyi üçün sərt xəbərdarlıq edib. Qadın isə cavabında geyim tərzinin onun şəxsi işi olduğunu bildirib. Tərəflər arasında yaranan şifahi mübahisədən sonra "Bəsic"çi silahını qadına tərəf çevirsə də, ilk cəhddə tapança açılmayıb (güllə ilişib). Lakin cinayətkar geri çəkilməyib — bir neçə dəqiqə sonra yenidən hadisə yerinə qayıdaraq qadına tərəf ardıcıl 5 atəş açıb və dərhal ərazidən qaçıb. Ağır yaralanan M.Həsənfur azyaşlı qardaşı oğlunun gözü qarşısında qan içində yerə yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Mənbələr qeyd edir ki, qətlə yetirilən Müjgan Həsənfur bundan əvvəl İranda keçirilən genişmiqyaslı aksiyalarda fəal iştirak etdiyi üçün təhlükəsizlik qüvvələri tərəfindən bir neçə dəfə saxlanılıb. Lahican polisi faktla bağlı araşdırma başladığını bildirsə də, qatilin şəxsiyyətinin müəyyən edilərək həbs olunub-olunmaması barədə hələlik rəsmi məlumat verilməyib.

Sara,
NOCOMMENT.az











