İsrail Qəzza sektorunun cənubunda fələstinlilər üçün böyük miqyaslı düşərgə inşası məqsədilə ərazini təmizləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı İsrail hərbi strukturlarına məsləhət verən təqaüddə olan briqada generalı Amir Avivi verib.
Avivinin sözlərinə görə, düşərgə HƏMAS tunellərindən təmizləndiyi bildirilən Rəfah bölgəsində salınacaq. Giriş-çıxış İsrail hərbçilərinin nəzarətində olacaq və obyektin yüz minlərlə insanı yerləşdirməsi nəzərdə tutulur. Düşərgə həm Qəzzanı tərk edib Misir sərhədinə keçmək istəyənlər, həm də qalmaq qərarında olan sakinlər üçün planlaşdırılıb. O bildirib ki, düşərgə müşahidə və üz tanıma texnologiyaları ilə də təchiz oluna bilər.
Reuters-in mənbələri qeyd edir ki, İsrail Qəzzadan çıxan fələstinlilərin sayının geri dönənlərdən çox olmasına çalışır. HƏMAS isə bu planı “məcburi köçürmə”nin örtülü forması kimi dəyərləndirib.
Avivi əlavə edib ki, HƏMAS silahlarını təhvil vermədiyi halda, İsrail ordusu Qəzzada hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşır. Onun sözlərinə görə, düşərgə mümkün yeni hərbi əməliyyatlar zamanı mülki şəxslərin müvəqqəti yerləşdirilməsi üçün də istifadə olunacaq.
Aliyə












