Rusiya nəşrindən Azərbaycan tarixinə həqarət

Rusiya nəşrindən Azərbaycan tarixinə həqarət

Prezidentin sovet dövrü haqda səsləndirdiyi fikirlər Rusiyanın bəzi dairələrində ciddi narahatlıq yaradıb

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda Azərbaycanın müstəmləkə keçmişi, Sovet dövrü və müstəqilliyin ölkəyə qazandırdığı üstünlüklərlə bağlı səsləndirdiyi fikirlər Rusiyanın bəzi siyasi və media dairələrində ciddi narahatlıq yaradıb.

NOCOMMENT.az xəbər verir ki, xüsusilə anti-Azərbaycan mövqeyi ilə tanınan "Svobodnaya pressa" nəşrində dərc olunan yazı və orada səsləndirilən iddialar tarixi faktlardan daha çox siyasi sifariş təsiri bağışlayır.

Yada salaq ki, dövlət başçısının vurğuladığı əsas məqam Azərbaycanın XIX əsrdə Rusiya imperiyasının tərkibinə qatıldıqdan sonra müstəmləkə siyasətinin bütün ağır nəticələrini yaşadığı gerçəkliyini deyib. Sonrakı Sovet dövründə isə formal olaraq ittifaq respublikası statusu daşımasına baxmayaraq, real siyasi müstəqilliyə malik olmayıb. Bu, təkcə Azərbaycanın deyil, SSRİ tərkibində olmuş bütün respublikaların tarixi reallığıdır.

Prezident İlham Əliyevin diqqət çəkdiyi digər mühüm məqam Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın üzləşdiyi vəziyyət idi. Ölkə enerji təminatı baxımından ciddi problemlərlə qarşılaşmış, uzun illər ərzində neft hasilatı nəticəsində ekoloji cəhətdən məhv edilmiş ərazilərin bərpası isə müstəqil Azərbaycanın üzərinə düşmüşdü. Bu gün həmin problemlərin aradan qaldırılması üçün milyardlarla vəsait xərclənməsi də keçmiş idarəetmənin ağır mirasının göstəricisidir.



İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib

"Svobodnaya pressa" isə bu fikirlərə cavab vermək əvəzinə, Azərbaycanın dövlətçilik tarixini şübhə altına alan iddialar irəli sürülüb. Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin zəif dövlət olduğu vurğulanmağa çalışılır, sanki bu fakt Azərbaycanın dövlətçilik ənənələrinin olmamasının sübutu kimi təqdim edilir. Halbuki Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli demokratik respublika kimi tarixə düşüb və bu fakt dünya tarixşünaslığında qəbul olunur.

Nəşrin istinad etdiyi “tarixçi və politoloq” Leonid Krutakovun fikirləri isə daha çox siyasi təbliğat nümunəsidir. Onun "SSRİ olmasaydı Azərbaycan heç vaxt dövlət olmazdı" tezisi tarixi faktlarla uzlaşmır. Əgər Krutakov tarix kitablarını oxuyubsa bilməlidir ki, Azərbaycan dövlətçilik ənənələri yalnız XX əsrlə məhdudlaşmır. Səfəvilər dövləti, Qarabağ, Şəki, Quba, Gəncə və digər xanlıqlar, daha əvvəlki Atabəylər və Ağqoyunlu, Qaraqoyunlu dövlətləri Azərbaycan dövlətçilik tarixinin ayrılmaz hissəsidir.

Əslində bu cür açıqlamalar postsovet məkanında hələ də imperiya düşüncəsinin tam aradan qalxmadığını nümayiş etdirir. Sovet İttifaqının dağılmasından 35 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bəzi rus ekspertləri hələ də keçmiş ittifaq respublikalarının müstəqil inkişafını qəbul etmək istəmirlər. Onların fikrincə, bu dövlətlərin uğuru mütləq şəkildə Moskvanın xidmətinin nəticəsi olmalıdır.

Picture background


Halbuki son otuz ildən artıq dövr bunun əksini göstərir. Azərbaycan müstəqil xarici siyasət yürüdən, iqtisadi və hərbi potensialını gücləndirən, regionun əsas enerji və nəqliyyat layihələrinin müəllifinə çevrilən dövlətdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər beynəlxalq layihələr Azərbaycanın artıq öz strateji qərarlarını müstəqil qəbul etdiyini göstərir.

Leonid Krutakovun Azərbaycanın Ukraynaya humanitar yardım göstərməsini və Türkiyə ilə strateji tərəfdaşlığını ittiham etməsi də təsadüfi deyil. Bu, əslində Azərbaycanın suveren xarici siyasət yürütmək hüququnun qəbul edilməməsinin göstəricisidir. Müstəqil dövlət hansı ölkə ilə əməkdaşlıq edəcəyini və hansı humanitar təşəbbüslərdə iştirak edəcəyini özü müəyyənləşdirir.

Azərbaycan səfirinin Rusiya Xarici İşlər Nazirliyinə çağırılması kimi təxribatçı çağırışlar isə ekspert mövqeyindən daha çox siyasi təzyiq ritorikasını xatırladır. Bu cür yanaşmalar iki ölkə arasında münasibətlərin inkişafına deyil, əksinə, etimadın azalmasına xidmət edir.

Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər isə tarixi reallıqlara söykənir: müstəqillik Azərbaycana öz sərvətlərinə sahib çıxmaq, milli maraqlarını qorumaq və beynəlxalq arenada söz sahibi olmaq imkanı verib. Məhz bu uğurlar Azərbaycanın müstəqil inkişaf modelini qəbul etmək istəməyən dairələrin narahatlığının əsas səbəblərindən biri kimi görünür. Bu səbəbdən tarixin təhrif olunmasına yönəlmiş informasiya hücumlarının artması təsadüfi deyil və onları tarixi faktlarla cavablandırmaq Azərbaycanın informasiya təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır.\\musavat.com