Köçəryan son anda ritorikasını dəyişdi: Sülh müqaviləsi ilə bağlı ŞOK AÇIQLAMA

Köçəryan son anda ritorikasını dəyişdi: Sülh müqaviləsi ilə bağlı ŞOK AÇIQLAMA

Ermənistanda seçki kampaniyasının başa çatmasına saatlar qalmış daxili siyasi arenada gözlənilməz gəlişmələr yaşanır. Ermənistanın keçmiş prezidenti və Baş nazir Nikol Paşinyanın "üçbaşlı müharibə partiyası" adlandırdığı qrupun əsas simalarından olan Robert Köçəryan seçki marafonunun finalında ritorikasını kəskin şəkildə dəyişmək məcburiyyətində qalıb.

NOCOMMENT.az xəbər verir ki, seçiciləri özünün "müharibə partiyası"na mənsub olmadığına inandırmağa çalışan Köçəryan, hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla sülh müqaviləsi imzalayacağını bəyan edib.

Lakin məlum olub ki, Köçəryanın artıq paraflanmış və 17 bənddən ibarət olan mövcud sülh razılaşmasına "yalnız bir əlavəsi" var. O, müqaviləni sənədə "sülhü təmin edən əlavələr" daxil etdikdən sonra imzalayacağını iddia edir. Eks-prezident həmçinin rəhbərliyə gələcəyi təqdirdə həm Azərbaycan, həm də Türkiyə ilə normal münasibətlər quracağını vurğulayıb.

Xatırladaq ki, həm Köçəryan, həm də "üçbaşlı müharibə partiyası"nın digər liderləri – Qaqik Tsarukyan və Samvel Karapetyan seçki kampaniyasına radikal revanşist tezislərlə başlamışdılar. Onlar hakimiyyətə gələcəkləri təqdirdə "Qarabağ ermənilərinin xüsusi zəmanətlərlə geri qaytarılmasını" və sülh müqaviləsinin "böyük dövlətlərin" (ilk növbədə Rusiyanın) zəmanəti altında imzalanmasını təmin edəcəklərini bildirirdilər. Bu tezislər sülh prosesini birbaşa pozmağa yönəlmişdi, çünki paraflanmış sazişə yenidən baxmaq cəhdləri bütün prosesi sıfırlaya və regionu yenidən münaqişəyə sürükləyə bilərdi.

Son rəy sorğuları göstərir ki, Köçəryanın və "müharibə partiyası"nın bu tezisləri seçki kampaniyası dövründə onların öz əleyhinə işləyib. Hazırda Köçəryanın "Ermənistan" bloku 5 faizlik seçki baryerini çətinliklə keçmək təhlükəsi ilə üz-üzədir, Samvel Karapetyanın "Güclü Ermənistan" partiyası yalnız ikinci yerə ümid edə bilər, Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə böyük ehtimalla baryerdən aşağıda qalacaq. Görünür, məhz gözlənilən məğlubiyyət fonunda eks-prezident son müraciətində ritorikasını yumşaldaraq sülhə təhlükə yaratmadığını nümayiş etdirməyə və erməni xalqını çaşdırmağa çalışır.

Bununla belə, Köçəryanın vədlərinin arxasındakı gizli məqam sənədə "zəmanətçi dövlətlər" barədə bəndlərin əlavə edilməsi şərtində gizlənir. Beynəlxalq təcrübə sübut edir ki, zəmanətçi dövlətlər əksər hallarda öz öhdəliklərini ya yerinə yetirmir, ya da yetirə bilmirlər. Mövcud şəraitdə Azərbaycan və Ermənistan arasında sülhün ən real zəmanəti tərəflərin siyasi iradəsi, xalqlar arasında etimadın formalaşması və rəsmi Bakının orta və uzunmüddətli perspektivdə öz hərbi üstünlüyünü qoruyub saxlamasıdır. İndi Ermənistanda getdikcə daha çox insan dərk edir ki, revanşistlərin "Qarabağ kartı"nı yenidən dövriyyəyə salmaq planları erməni xalqını növbəti fəlakətlərə sürükləməkdən başqa bir şey deyil.

Sara,

NOCOMMENT.az