Rusiya prezidenti Vladimir Putinlə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında keçirilən danışıqlar heç bir irəliləyiş olmadan başa çatıb.
NOCOMMENT.az xəbər verir ki, analitiklərin qiymətləndirməsinə görə, bu vəziyyət Kremlin tamamilə maraqlarına uyğundur. Moskvada keçirilən beş saatlıq görüş əsas məsələ – ərazi məsələsi üzrə razılaşma ilə nəticələnməyib. ABŞ prezidenti Donald Tramp ilə yeni sammitin keçirilməsi perspektivi isə hələ də qeyri-müəyyən olaraq qalır.
Bloomberg yazır ki, bu vəziyyət böyük ehtimalla Putin üçün əlverişlidir. Rusiya qüvvələri cəbhədə yavaş, amma stabil irəliləyərkən, Moskva mühüm diplomatik hədəfinə də nail olub: Avropa ölkələri danışıqlar prosesindən faktiki şəkildə kənarlaşdırılıb. Sülh planı indi yalnız Vaşinqton və Moskva arasında formalaşır ki, bu da Kremlin uzun illər arzuladığı formatdır.
Bu gün Belçikanın Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən Ukraynanın kreditləndirilməsi üçün istifadə olunması təklifini bloklaması vəziyyəti daha da mürəkkəbləşdirib və Moskvanın mövqeyini gücləndirib.
Müşahidəçilərin fikrincə, Putin prosesi nə qədər çox uzadarsa, Rusiya danışıqlar masasında bir o qədər çox ərazi və siyasi divident əldə edə bilər.











