Finlandiyanın Müdafiə Nazirliyi ölkənin Rusiya ilə sərhəddə yerləşən Kainuu bölgəsində NATO-nun “Northern Axe 25” (“Şimal Balta 25”) adlı genişmiqyaslı quru hərbi təlimlərinin başladığını bildirib.
NOCOMMENT.az xəbər verir ki, manevrlərdə 3 mindən çox hərbçinin iştirak etdiyi bildirilir. Təlimlər Şimali Finlandiyanın sərt iqlim və çətin relyef şəraitində müdafiə, hücum və gecə döyüşü bacarıqlarının təkmilləşdirilməsinə yönəlib. Hərbçilər taktiki əməliyyatların icrası, bölmələr arasında koordinasiya və strateji planlaşdırma üzrə müxtəlif ssenariləri real şəraitdə sınaqdan keçirəcəklər.
Finlandiyanın NATO-ya üzvlüyü fonunda keçirilən bu təlimlər həm də ölkənin Alyans çərçivəsində inteqrasiyasını dərinləşdirməyi, NATO qoşunlarının birgə fəaliyyət qabiliyyətini artırmağı hədəfləyir. Kainuu bölgəsinin Rusiya ilə sərhəddə yerləşməsi təlimlərin geosiyasi çəkisini daha da artırır və regiondakı təhlükəsizlik balansına dair beynəlxalq müzakirələrə yeni impuls verir.
Rəsmi Helsinkinin açıqlamasında vurğulanır ki, bu manevrlər regionda gərginlik yaratmaq məqsədi daşımır, əksinə, ölkənin müdafiə qabiliyyətini gücləndirmək və potensial təhlükələrə qarşı hazırlığı artırmaq üçün keçirilir.












