ABŞ-da Donald Tramp administrasiyasının immiqrasiya siyasətini sərtləşdirmək istiqamətində atdığı növbəti addım ölkədə qanuni şəkildə məskunlaşmaq və işləmək istəyən yüz minlərlə əcnəbini ağır vəziyyətlə üz-üzə qoyub. ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) 60 ildən artıqdır dəyişməz qalan "Qrin kart" (Green Card) statusunun alınması prosedurlarına mühüm hüquqi məhdudiyyətlər gətirən yeni siyasət memorandumu dərc edib.
NOCOMMENT.az xəbər verir ki, yeni qaydalara əsasən, ABŞ daxilində statusun dəyişdirilməsi (Adjustment of Status) prosesi bundan sonra yalnız "müstəsna və qeyri-adi hallarda" reallaşdırılacaq. Qurum bəyan edib ki, ölkə daxilində daimi yaşayış icazəsi yalnız ABŞ üçün "iqtisadi səmərə verən və ya milli maraqlara cavab verən" şəxslərə "inzibati lütf" və xüsusi güzəşt kimi fərdi qaydada tətbiq oluna bilər.
Bu qərar hazırda ABŞ ərazisində müvəqqəti vizalarla qanuni şəkildə yaşayan və hər il "Qrin kart" üçün müraciət edən yarım milyondan çox əcnəbiyə birbaşa təsir göstərəcək. Sənədə görə, müraciət edənlərin mütləq əksəriyyəti artıq ABŞ-ı tək etməli, öz ölkələrinə qayıtmalı və prosesi xaricdəki ABŞ konsulluqları vasitəsilə (Consular Processing) həyata keçirməlidir. Konsulluqlar üzərindən aparılan bu prosedurlar isə növbələrin çoxluğu səbəbindən aylarla, bəzən isə illərlə çəkə bilər.
Yeni sərt qaydalar ABŞ-da işçi (H-1B, L-1 və s.), tələbə (F-1) və turist vizası ilə olan şəxsləri, həmçinin ABŞ vətəndaşlarının həyat yoldaşlarını, yaxın qohumlarını və K-1 vizası ilə ölkəyə gələn bəy və gəlin namizədlərini ciddi zərbə altına qoyur. Ekspertlər xüsusilə vurğulayırlar ki, Prezident Donald Trampın daxilolma məhdudiyyəti və qadağalar tətbiq etdiyi ölkələrin vətəndaşları daha böyük risk altındadırlar. Çünki onlar "Qrin kart" müsahibəsi üçün ABŞ-dan çıxıb öz ölkələrinə qayıtdıqları təqdirdə, geri qayıtmaq vizası ala bilməyərək tamamilə xaricdə qalmaq təhlükəsi ilə üzləşirlər.
USCIS rəsmiləri bu addımı immiqrasiya sistemindəki boşluqların aradan qaldırılması və qanunun ilkin məqsədinə qayıdış kimi əsaslandırsa da, hüquq müdafiəçiləri və immiqrasiya vəkilləri qərarı minlərlə ailənin parçalanmasına yol açacaq "humanitar fəlakət" kimi qiymətləndirirlər.
Sara,
NOCOMMENT.az











