Rusiya daxili bazarında yaranan yanacaq böhranının qarşısını almaq üçün xarici bazarlara xam neft satışını kəskin şəkildə ixtisar etmək məcburiyyətində qalıb. Ölkənin mühüm ixrac gəlirləri mənbəyi olan neft tədarükü daxili tələbata qurban verilir.
NOCOMMENT.az xəbər verir ki, Böyük Britaniyanın nüfuzlu "Reuters" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya iyun ayında özünün qərb dəniz limanları vasitəsilə həyata keçirdiyi neft ixracını təxminən üçdə bir qədər azaltmağı planlaşdırır. Bu qərarla gündəlik xaricə nəql olunan xam neftin həcmi əvvəlki 2,5 milyon barreldən 1,7 milyon barrelə qədər geriləyə bilər.
Agentlik qeyd edir ki, ixracın bu cür kəskin şəkildə azaldılması xam neftin əlavə həcmlərinin emal edilməsi üçün təcili olaraq daxili bazara və yerli zavodlara yönəldilməsi zərurəti ilə bağlıdır. Ukrayna PUA-larının Rusiyanın neft emalı zavodlarına endirdiyi ardıcıl zərbələr nəticəsində ölkədə yanacaq istehsalında ciddi çətinliklər yaranıb və artıq bir sıra regionlar kəskin benzin və dizel qıtlığı ilə üz-üzə qalıb.
Mövcud kritik vəziyyətdə Rusiya hakimiyyəti yay mövsümündə pik həddə çatan daxili tələbatı qarşılamaq və genişmiqyaslı yanacaq böhranının qarşısını almaq üçün təcili rejimdə benzin və dizel istehsalını artırmağa ümid edir. Ekspertlər neft ixracının azaldılmasının Rusiya büdcəsinə ciddi maliyyə zərbəsi vuracağını ehtimal edirlər.
Sara,
NOCOMMENT.az












