Səudiyyə Ərəbistanı rəsmiləri ABŞ prezidenti Donald Trumpa açıq şəkildə bildiriblər ki, əgər İran nüvə silahı əldə edərsə, Riyad da eyni addımı atmağa çalışacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Səudiyyə kral ailəsinə yaxın mənbə İsrailin Channel 12 telekanalına açıqlamasında bildirib.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanının İranla danışıqlarda iştirakı birbaşa Trampın xahişi ilə həyata keçirilib və bu, regionda gərginliyin azaldılmasına yönəlmiş səylərin tərkib hissəsi olub:
“Bizim İranla danışıqlarda iştirakımız Trampın xahişi ilə baş tutub və Ər-Riyadın bölgədə gərginliyi azaltmaq, müharibə riskini aradan qaldıracaq bir razılaşma formalaşdırmaq cəhdlərinin bir hissəsidir.”
Mənbə qeyd edib ki, Səudiyyə tərəfi Vaşinqtona əsas prioritetinin regional sabitlik olduğunu açıq şəkildə çatdırıb:
“Biz Trampa aydın şəkildə bildirdik ki, bizim üçün əsas məsələ regionda sabitliyin qorunmasıdır. Əgər İran hər hansı formada nüvə silahına sahib olarsa, biz də şübhəsiz ki, bölgədə hərbi balansı təmin etmək üçün bu istiqamətdə addımlar atacağıq.”
Məlumata görə, Riyad bu mövqeyi ilə Yaxın Şərqdə strateji tarazlığın pozulmasının qarşısını almağa və mümkün təhlükələrə qarşı qabaqlayıcı mövqe formalaşdırmağa çalışır.
Sara












