Hamam otağı şəxsi gigiyena vasitələrinin saxlanıldığı əsas məkan hesab olunsa da, mütəxəssislər bildirirlər ki, yüksək rütubət və temperatur bir çox əşyanın keyfiyyətini aşağı salır, hətta sağlamlıq üçün risk yarada bilər.
NOCOMMENT.ax xəbər verir ki, ekspertlərin sözlərinə görə, insanların gündə orta hesabla 30 dəqiqə vaxt keçirdiyi hamam otağında bəzi əşyaların saxlanılması bakteriyaların çoxalmasına, məhsulların xarab olmasına və istifadə müddətinin qısalmasına səbəb olur.
Sabun
Sabunun duşun birbaşa su axınının altında saxlanılması onun daha tez əriməsinə və istifadə müddətinin qısalmasına gətirib çıxarır. Mütəxəssislər sabunun suyun üzərində qalmadığı, deşikləri olan sabunluqda saxlanılmasını tövsiyə edirlər.
Makiyaj fırçaları
Makiyaj fırçaları mütəmadi təmizlənsə belə, hamam otağındakı rütubət onların üzərində kif və bakteriyaların yaranmasına şərait yaradır. Buna görə fırçaların qurudulduqdan sonra quru otaqda saxlanılması məsləhət görülür.
Ətir
Ətir şüşələrinin hamam otağında saxlanılması istilik və rütubətin təsiri nəticəsində tərkibinin dəyişməsinə və qoxusunun pozulmasına səbəb ola bilər. Ətirləri sərin və quru şkafda saxlamaq daha məqsədəuyğundur.
Dəsmal
İstifadə olunmuş nəm dəsmallar bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Mütəxəssislər dəsmalların hər üç istifadədən bir yuyulmasını və yenidən istifadə edilməzdən əvvəl tam qurudulmasını tövsiyə edirlər.
Ülgüc
Hamam otağındakı rütubət ülgüc bıçaqlarının paslanmasına səbəb olur və onların istifadə müddətini azaldır. İstifadədən sonra ülgüc qurudulmalı və quru yerdə saxlanmalıdır.
Dəriyə qulluq kremləri
Kremlərin hamam otağında saxlanılması qablaşdırma tam bağlanmadıqda bakteriyaların yaranmasına səbəb ola bilər. Mütəxəssislər bu məhsulların quru və sərin yerdə, hətta bəzi hallarda soyuducuda saxlanılmasını tövsiyə edirlər.
Zinət əşyaları
Hamam otağındakı rütubət qızıl istisna olmaqla bir çox metal zinət əşyasının oksidləşməsinə, parlaqlığını itirməsinə və qaralmasına səbəb olur. Buna görə onların başqa yerdə saxlanılması daha məqsədəuyğundur.
Mobil telefon
Telefonu hamam otağında istifadə etmək gigiyena baxımından təhlükəli olmaqla yanaşı, yüksək rütubət cihazın dinamiklərinə və ekranına da zərər verə bilər. Duş zamanı musiqi dinləmək istəyənlərə suya davamlı dinamiklərdən istifadə tövsiyə olunur.
Xalat
Nəm xalatlar da dəsmallar kimi bakteriya və göbələklərin çoxalmasına şərait yaradır. Mütəxəssislər xalatın hamam otağında deyil, yaxşı havalanan yerdə qurudulmasını məsləhət görürlər.
Diş fırçası
Mütəxəssislərin sözlərinə görə, unitazın qapağı açıq vəziyyətdə sifon çəkildikdə mikroblar 3 metrədək məsafəyə yayıla bilir. Bu səbəbdən diş fırçasının unitazdan mümkün qədər uzaqda və tam quru şəraitdə saxlanılması tövsiyə olunur.
Ekspertlər bildirirlər ki, bu sadə qaydalara əməl etmək həm şəxsi gigiyenanı qorumağa, həm də istifadə olunan məhsulların keyfiyyətini və istifadə müddətini artırmağa kömək edir. (Qaynarinfo)











