Bakıda klinika rəhbərinin qətlə yetirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində dəhşətli faktların üstü açılıb.
NOCOMMENT.az xəbər verir ki, iyulun 9-da Nərimanov rayonu, A.Gəraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzinin rəhbəri, 1985-ci il təvəllüdlü Babək Rəhimli baş nahiyəsinə küt alətlə (balta ilə) vurularaq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Natiq Fətəliyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Meyiti baqajda Salyana aparıb
Sözügedən cinayətin gizlin qalmış tükürpədici təfərrüatları məlum olub. Belə ki, qətli törədən şəxs sadəcə sıravi işçi deyil, təxminən 10 ildir B.Rəhimlinin yanında şəxsi sürücü işləyən etibarlı şəxs olub. Gecə saatlarında müdirini balta ilə amansızcasına qətlə yetirən sürücü, cinayətin izini itirmək üçün meyiti idarə etdiyi avtomobilin baqajına qoyub.
O, cəsədi gizlətmək məqsədilə Salyan rayonu Kürsəngi kəndi ərazisində yerləşən gölə atmaq istəyərkən ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini çəkib. Hüquq-mühafizə orqanlarının çevikliyi sayəsində şübhəli şəxs cinayət başında — meyiti gölə atmaq istəyərkən yaxalanıb.
Bütün mal-mülk sürücünün adına olub?
Cinayətin baş vermə səbəbləri ilə bağlı ən diqqətçəkən məqam isə tamah və mülkiyyət məsələsidir. Əldə edilən ilkin məlumatlara görə, qətlə yetirilən klinika rəhbəri Babək Rəhimlinin demək olar ki, bütün mal-mülkü rəsmi şəkildə həmin sürücünün adına sənədləşdirilibmiş. Münaqişənin və qətlin məhz bu böyük mülkiyyət və sərvət payından qaynaqlandığı iddia edilir.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir. Hadisənin dəqiq motivləri və digər detalları istintaqın sonunda bəlli olacaq.
Tunar,
NOCOMMENT.az











