Ermənistanın daxili siyasi arenasında gərginlik pik həddə çatıb. Ölkənin "Hayastan" blokunun lideri, sabiq prezident Robert Köçəryana qarşı rəsmi şəkildə ittiham irəli sürülməsi gözlənilir. Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) keçmiş dövlət başçısına qarşı ittiham aktının irəli sürülməsinə artıq rəsmi icazə verib. Atılan bu hüquqi addımların davamı olaraq, R. Köçəryanın ölkədən kənara çıxışına da kəskin qadağa qoyulub. Bu qərar seçkiöncəsi dövrdə Ermənistandakı revanşist qüvvələrə qarşı ən sərt rəsmi reaksiya kimi qiymətləndirilir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Baş nazir Nikol Paşinyan hələ seçki prosesindən əvvəl Robert Köçəryan və Samvel Karapetyana qarşı çox ciddi sanksiyaların və ölçülərin götürüləcəyinə dair anons vermişdi:
"Ümumiyyətlə, N. Paşinyanın atdığı bu addımları R. Köçəryan və S. Karapetyana qarşı yönəlmiş klassik siyasi repressiya kimi dəyərləndirmək doğru deyil. Çünki hər iki fiqur fundamental olaraq Ermənistan dövlətçiliyi üçün birbaşa potensial təhdid mənbəyidir. Robert Köçəryan hakimiyyətdə olduğu uzun illər ərzində ölkəsini Rusiyadan tam şəkildə asılı vəziyyətə salmağa çalışıb və idarəçiliyi dövründə kifayət qədər ciddi cinayətlərə imza atıb. Onun hazırda yürütdüyü və müdafiə etdiyi siyasi xətt bütövlükdə erməni xalqının milli maraqlarına tamamilə ziddir.
Moskva tərəfindən xüsusi missiya ilə göndərilən milyarder Samvel Karapetyanın əsas hədəfi isə Ermənistanı yenidən Rusiyanın orbitinə bağlamaq və ölkəni Azərbaycanla yeni bir qanlı müharibəyə sürükləməkdir. Belə bir avantürist fəaliyyət isə Ermənistanın bir dövlət kimi mövcudluğunu birbaşa sual altına qoyur. Hazırda S. Karapetyan əhalini mövcud hakimiyyətə qarşı yeni kütləvi etirazlara və itaətsizliyə səsləyir.
Göründüyü kimi, Paşinyan administrasiyasının bu şəxslərə qarşı tətbiq etdiyi təzyiqlər tamamilə hüquqi müstəvidə reallaşır və Ermənistanın dövlət suverenliyini qorumaq məqsədi daşıyır. N. Paşinyan Rusiyaya birbaşa bağlı olan və xarici dairələrin maraqlarına xidmət edən bu müxalifətin parlament daxilində rahat və azad şəkildə fəaliyyət göstərməsinə heç bir halda imkan verməyəcək".
Tunar,











