İyulun 1-dən 2-nə keçən gecə saat 02:00 radələrində Rusiyanın Stokholmdakı diplomatik nümayəndəliyi pilotsuz uçuş aparatları vasitəsilə növbəti dəfə hücuma məruz qalıb.
NOCOMMENT.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, hadisə zamanı iki PUA-dan istifadə olunub. Onlardan biri diplomatik missiyanın həyətinə içərisində qırmızı boya olan qab tullayıb. Üzərinə əldəqayırma partlayıcı qurğunun maketi bərkidilmiş digər aparat isə səfirliyin binasının yaxınlığında, diplomatik əraziyə çırpılıb.
Rusiya tərəfi bu insidenti diplomatik nümayəndəliyin təhlükəsizliyinə qarşı növbəti təxribat kimi qiymətləndirib. Səfirlik bəyanatında bildirib ki, Stokholmda bu cür hallar artıq sistemli xarakter alıb və son dövrlərdə oxşar hadisələr tez-tez müşahidə olunur.
Diplomatik missiya Vyananın "Diplomatik əlaqələr haqqında" 1961-ci il Konvensiyasına istinad edərək, İsveç hakimiyyətinin diplomatik nümayəndəliklərin toxunulmazlığını və təhlükəsizliyini təmin etmək öhdəliyinin olduğunu xatırladıb. Rəsmi bəyanatda hücumların mümkün nəticələrinə görə bütün məsuliyyətin İsveç tərəfinin üzərinə düşdüyü vurğulanıb.












