Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanmağa başlayıb və ilk məlumatlar ölkənin siyasi gələcəyi ilə bağlı mühüm siqnallar verir.
NOCOMMENT.az xəbər verir ki, Ermənistanın Infocom platformasının açıq məlumatlar əsasında apardığı hesablamalar və erməni Telegram kanallarında yayılan ilkin nəticələr Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyasının böyük üstünlüklə irəlidə olduğunu göstərir.
İlkin hesablamalara görə, hakim partiya səslərin 70,4 faizini toplayır. Əsas rəqib hesab edilən “Güclü Ermənistan” bloku 17,1 faizlə ikinci yerdə qərarlaşıb. Robert Köçəryanın təmsil olunduğu “Ermənistan” bloku 6,8 faiz, Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası isə 3,5 faiz səs əldə edir.
Bu göstəricilər rəsmi yekun nəticələr deyil və yalnız artıq emal olunmuş məlumatlar əsasında hazırlanıb. Bununla belə, rəqəmlər təsdiqlənərsə, Nikol Paşinyan Ermənistanın müasir siyasi tarixində ən böyük seçki qələbələrindən birini qazanmış olacaq.

70 faizdən artıq nəticə hakim partiyaya parlamentdə konstitusion çoxluq əldə etmək imkanı verə bilər. Bu halda Paşinyan hökuməti təkcə növbəti kabineti formalaşdırmaq deyil, həm də uzun müddətdir müzakirə olunan konstitusion dəyişiklikləri həyata keçirmək üçün geniş siyasi imkanlar qazanacaq.
Seçkilərdən əvvəl dərc olunan beynəlxalq və yerli sorğular da Paşinyanın liderliyini göstərirdi. Lakin həmin sorğuların əksəriyyəti hakim partiyanın 30-40 faiz aralığında nəticə göstərə biləcəyini proqnozlaşdırırdı. İndi açıqlanan ilkin rəqəmlər isə bu proqnozlardan xeyli yüksək görünür.
Rusiyaya yaxın siyasi qüvvələrin zəif nəticə göstərməsi də diqqət çəkir. Seçki kampaniyası dövründə Moskvanın açıq və gizli şəkildə müxalif qüvvələri dəstəklədiyi barədə çoxsaylı iddialar səslənirdi. Buna baxmayaraq, ilkin nəticələr seçicilərin əhəmiyyətli hissəsinin Paşinyanın kursuna üstünlük verdiyini göstərir.
Bu seçkilər Ermənistanın geosiyasi istiqamətini müəyyənləşdirəcək ən mühüm səsvermələrdən biri hesab olunur. Paşinyan son illərdə ölkənin Qərblə inteqrasiyasını sürətləndirib, eyni zamanda Azərbaycanla sülh prosesini öz siyasi gündəliyinin əsas elementi kimi təqdim edib.
Hazırda bütün diqqətlər Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqlayacağı rəsmi nəticələrə yönəlib. Lakin ilkin rəqəmlər dəyişməz qalarsa, Ermənistanda növbəti illərin siyasi mənzərəsi artıq böyük ölçüdə müəyyənləşmiş hesab oluna bilər. Musavat.com












