ABŞ və İran arasında hərbi-siyasi gərginliyin pik həddə çatdığı və Fars körfəzində qarşıdurmaların davam etdiyi bir vaxtda, tərəflərin pərdəarxası danışıqlar aparması barədə yayılan iddialara Tehrandan rəsmi reaksiya gəlib. İran tərəfi ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında memorandum layihəsinin razılaşdırılması ilə bağlı bəyanatlarını qətiyyətlə təkzib edib.
NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, İslam Respublikasının danışıqlar qrupuna yaxın olan yüksək rütbəli və mötəbər mənbə ölkə mətbuatına sensasion açıqlama verib. Mənbə bildirib ki, İran rəhbərliyi ABŞ ilə hər hansı bir ilkin saziş, yaxud memorandum mətnini nə nəzərdən keçirib, nə də təsdiqləyib.
Verilən məlumata görə, ABŞ Prezidenti Donald Trampın son çıxışında İran rəhbərliyinin Vaşinqtonun şərtləri daxilində memorandum layihəsini guya qəbul etməyə hazır olması və sənədi prinsiqcə razılaşdırması barədə dediyi sözlər tamamilə həqiqətdən uzaqdır və reallığı əks etdirmir.
Siyasi şərhçilər qeyd edirlər ki, Tramp administrasiyasının İrana qarşı həm hərbi zərbələr, həm də maliyyə blokadası tətbiq etdiyi bir dövrdə bu cür bəyanatlar səsləndirməsi daxili auditoriyaya yönəlmiş diplomatik manevr ola bilər. Tehran isə bu rəsmi təkziblə ABŞ-ın hərbi və iqtisadi təzyiqləri qarşısında geri addım atmadığını və Ağ Evin şərtləri ilə heç bir pərdəarxası sazişə imza atmayacağını nümayiş etdirir. Regionda hərbi eskalasiya fonunda tərəflərin ritorikasının daha da kəskinləşəcəyi gözlənilir.
SARA
NOCOMMENT.az












