Tramp İranla sazişin şərtlərini sərtləşdirdi

Tramp İranla sazişin şərtlərini sərtləşdirdi

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla Tehran arasında gərginliyi azaltmaq və müharibəyə son qoymaq məqsədilə hazırlanan potensial sülh sazişinin şərtlərini gözlənilmədən daha da sərtləşdirib. Nüfuzlu "The New York Times" qəzetinin Ağ Ev administrasiyasındakı anonim rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, yenilənmiş və daha ağır tələbləri ehtiva edən sənəd artıq rəsmi şəkildə İran tərəfinə göndərilib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin yeni təkliflər paketinin bütün təfərrüatları hələlik tam açıqlanmasa da, rəsmilər bu dəyişikliklərin rəsmi Tehrana əlavə təzyiq göstərmək və danışıqlar prosesini sürətləndirmək məqsədi daşıdığını bildirirlər. ABŞ rəsmilərindən birinin sözlərinə görə, Tramp İranın vasitəçilər vasitəsilə göndərilən təkliflərə kifayət qədər çevik cavab verməməsindən narahatdır. Mənbələr onu da qeyd edir ki, Donald Trampı xüsusilə narahat edən məqamlardan biri saziş layihəsində İrana məxsus dondurulmuş aktivlərin sərbəst buraxılmasını nəzərdə tutan bəndlərdir. Vaşinqton bu dəyişikliklərlə Tehranı saziş çərçivəsini daha tez qəbul etməyə məcbur etmək niyyətindədir.