ABŞ Prezidenti Donald Tramp, Milli Kəşfiyyat İdarəsinin (DNI) direktoru Tulsi Qabbardın İranla müharibə məsələsində kifayət qədər dəstəkləyici mövqe nümayiş etdirməməsindən məyus olub və onu vəzifəsindən kənarlaşdırmağı nəzərdən keçirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb. Məlumata görə, Tramp şəxsi söhbətlərində Qabbardın sadiqliyinə şübhə etməyə başlayıb və müşavirləri ilə onu başqa namizədlə əvəzləməyin zəruriliyini müzakirə edib. Prezidentin qəzəbinə səbəb xüsusilə Qabbardın Konqresdəki ifadəsi zamanı İranla müharibəni tam dəstəkləməməsi və bu münaqişəyə etiraz edərək istefa verən əməkdaşını müdafiə etməsi olub.
Lakin Trampın yaxın müttəfiqi Rocer Stoun məsələyə müdaxilə edərək prezidenti bu addımdan çəkindirib. Stoun Qabbardın sadiqliyinə zəmanət verərək, onun işdən çıxarılmasının mətbuatda mənfi əks-səda doğuracağını və hətta Qabbardı gələcəkdə güclü bir siyasi rəqibə çevirə biləcəyini arqument gətirib. Hazırda Qabbardın öz postunda “təhlükəsiz” olduğu bildirilsə də, Ağ Ev administrasiyasında bir neçə digər yüksək rütbəli məmurun vəzifəsini itirə biləcəyi ehtimal olunur.
Sara,
NOCOMMENT.az












