Ukraynada müharibənin dayandırılması və mümkün sülh danışıqları ilə bağlı Qərb və Rusiya nümayəndələrinin iştirakı ilə Vyanada qapalı görüş keçirildiyi iddia olunur.
NOCOMMENT.az xəbər verir ki, 2026-cı ilin iyul ayında Avstriyanın paytaxtı Vyanada Böyük Britaniya, Fransa, Almaniya və Rusiyadan sabiq yüksək vəzifəli rəsmilərin iştirakı ilə qeyri-rəsmi və məxfi görüş baş tutub.
Məlumata əsasən, görüşdə Ukraynada müharibənin dayandırılması, mümkün sülh danışıqlarının parametrləri və atəşkəs şərtləri müzakirə edilib.
Qərb tərəfini Böyük Britaniyanın sabiq milli təhlükəsizlik müşaviri Tim Barrou, Almaniyanın keçmiş dövlət katibi Markus Ederer və fransalı diplomat Pyer Vimon təmsil edib.
Rusiya tərəfini isə Kremlin keçmiş yüksək vəzifəli rəsmilərindən biri təmsil etsə də, onun adı açıqlanmayıb.
Bloomberg agentliyinin xəbərinə görə, bu cür görüşlər rəsmi danışıqlardan kənar aparılan və "ikinci yol diplomatiyası" (Track II diplomacy) adlandırılan format çərçivəsində keçirilir. Belə təmaslar hökumətlərdən asılı olmayaraq təşkil edilsə də, əldə olunan nəticələr sonradan kompromis variantlarının qiymətləndirilməsi üçün rəsmi dairələrə təqdim oluna bilər.
Qeyd olunur ki, daha əvvəl Almaniyanın Die Zeit qəzeti və ARD telekanalı Bakıda da alman və rusiyalı sabiq rəsmilər arasında oxşar görüşlərin keçirildiyi ortaya çıxıb.
Lakin Almaniya xüsusi xidmət orqanları həmin təmasları Kremlin Almaniya siyasətinə təsir göstərmək və Rusiyanın atəşkəs şərtlərini qəbul etdirmək cəhdi kimi qiymətləndirib.










