ABŞ prezidenti Donald Tramp onu 2021-ci ilin yanvarında Kapitoliyada baş verən iğtişaşların təşviqçisi kimi göstərən kütləvi informasiya vasitərələrinə qarşı haqq-hesabını davam etdirir.
Bu dəfə onun hədəfinə dünyanın ən nüfuzlu teleradio korporasiyası hesab olunan BBC gəlib. Artıq BBC-nin baş direktoru Tim Deyvi və BBC News-un direktoru Debora Terness ABŞ prezidentinin ötən ilin oktyabrında yayımlanan çıxışının düzgün redaktə edilmədiyi qalmaqalı fonunda istefa veriblər.
NOCOMMENT.az xəbər verir ki, BBC ABŞ prezidenti Donald Trampdan hüquqi addımlar atmaqla hədələyən məktub aldığını təsdiqləyib.
Məktubda iddia edilir ki, ötən ilin oktyabrında yayımlanan “Panorama” proqramı Trampın çıxışının iki hissəsini montaj edib və elə təəssürat yaranıb ki, o, 2021-ci ilin yanvarında Kapitol iğtişaşlarını açıq şəkildə təşviq edib. Ağ Ev BBC-ni “saxta xəbərlər” yaymaqda ittiham edib.
BBC İdarə Heyətinin sədri Samir Şah səhvə görə üzr istəyib. Onun sözlərinə görə, bu, prezident Trampın çıxışının mənasını çatdırmaq, “Panorama” tamaşaçılarının bu çıxışın Tramp tərəfdarları tərəfindən necə qarşılandığını və həmin vaxt yerlərdə nə baş verdiyini daha yaxşı anlamaları üçün edilib”.
“Redaksiya Təlimatları və Standartlar Komitəsi (EGSC) BBC-nin bəzən səhvlərə yol verdiyini və ya onun reportajının daha çox kontekst və izahat tələb etdiyini qəbul edir”, – deyə Şah yazıb.
BBC əməkdaşlarına yazdığı məktubda Deyvi etiraf edib ki, şirkətin əməliyyatlarında “səhvlərə” yol verilib və bunun üçün məsuliyyəti boynuna götürməlidir. “Bütün dövlət təşkilatlar kimi, BBC də mükəmməl deyil və biz həmişə açıq, şəffaf və hesabatlı olmalıyıq. Yeganə səbəb bu olmasa da, BBC News ətrafında mövcud mübahisələr məlum olan səbəblərdən mənim qərarıma təsir etdi”, – deyə Deyvi şirkətin saytında dərc olunmuş məktubunda bildirib.
Debora Terness də öz açıqlamasında hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. Onun sözlərinə görə, “Panorama”nın prezident Tramp haqqında proqramı ətrafında mübahisə elə həddə çatıb ki, bu, onun çox sevdiyi qurum olan BBC-yə ziyan vurur. “Səhvlərə yol verilsə də, bir təşkilat olaraq BBC News-a qarşı qərəzlilik barədə son iddiaların yalan olduğunu açıq şəkildə bildirmək istəyirəm”, – deyə o, yazıb.
Xatirə SADİQ












