Ağ Ev ABŞ Prezidenti Donald Trampın rəsmi X sosial şəbəkə hesabında paylaşım edərək, onun əlində süd butulkaları ilə təsvir olunduğu illüstrasiyanı yayımlayıb və “südə əvvəlki şöhrətini qaytarmaq” çağırışı edib.
NOCOMMENT.az xəbər verir ki, paylaşımda yer alan rəsmin altında “Tam yağlı südü yenidən möhtəşəm edək” qeydi yazılıb.
İllüstrasiyada Tramp hər iki əlində bir neçə süd butulkası olan səbət tutur və uzağa baxır.
Ehtimal edilir ki, bu paylaşım ABŞ prezidentinin imzaladığı yeni qanunla əlaqədardır. Sözügedən sənədə əsasən, tam yağlı süd məktəblərdə uşaqlara verilməyə başlanacaq.
Ağ Ev qanunu şərh edərək bildirib: “Sağlam uşaqlar üçün tam yağlı süd haqqında qanun milyonlarla uşağın məktəblərdə yüksək keyfiyyətli südə çıxışını təmin edir. Amerikanı yenidən sağlam edək.”
Qeyd edək ki, yeni qanun məktəblərdə qidalanma standartlarının dəyişdirilməsini və uşaqların daha faydalı məhsullarla təmin olunmasını hədəfləyir.












