Ukrayna Moskvaya HÜCUM ETDİ -  Şəhər yanır

Ukrayna Moskvaya HÜCUM ETDİ - Şəhər yanır

İyunun 18-nə keçən gecə Moskva və ətraf bölgələr son zamanların ən genişmiqyaslı pilotsuz uçuş aparatları (PUA) hücumlarından birinə məruz qalıb. NOCOMMENT.az xəbər verir ki, rəsmi məlumatlara görə, paytaxtın hava məkanına istiqamətlənən təxminən 180-ə yaxın dronun əksəriyyəti hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib. Paytaxt meri Sergey Sobyanin və vilayət qubernatoru Andrey Vorobyovun verdiyi məlumata görə, hücum nəticəsində bir sıra sənaye və mülki obyektlərə ziyan dəyib.

Hücumun əsas hədəflərindən biri Moskva Neft Emalı Zavodu (MNEZ) olub. Mer Sobyanin bir neçə dronun zavodun ərazisinə çatdığını və nəticədə müəssisədə yanğın baş verdiyini təsdiqləyib. Yanğının söndürülməsi üçün fövqəladə hallar xidmətləri cəlb olunub və vəziyyətin nəzarət altına alındığı bildirilib.

Paytaxtın cənub-şərqində yerləşən "Sadovod" ticarət mərkəzinin ərazisinə PUA qalıqlarının düşməsi nəticəsində kompleksin binalarından birində cüzi zədələnmələr qeydə alınıb. Eyni zamanda, Moskva vilayətinin müxtəlif rayonlarında da ciddi dağıntılar və fəsadlar yaşanıb. Jukovski şəhərində PUA-nın yaşayış binasına dəyməsi nəticəsində binanın yuxarı mərtəbələrində və balkonlarında struktur zədələnmələri olub, sakinlərin təxliyəsinə qərar verilib.

Hücumun digər bölgələrdəki nəticələri daha genişmiqyaslı olub. Elektrostal şəhərində şəxsi evin damına düşən qalıqlar bir qadının kürək nahiyəsindən yaralanmasına səbəb olub. Lübertsi rayonunda fitnes mərkəzi və sənaye obyektləri zərər görüb. Kotelniki ərazisində yerləşən "Belaya Daça" ticarət mərkəzinin damında yanğın baş verib. Çexov, Pavlovski Posad və Kryukovo qəsəbələrində isə bir neçə bağ evi və ərazi zərər görüb.

Gərgin hava hücumları səbəbindən Moskva hava qovşağının bütün əsas hava limanlarında, o cümlədən Şeremetyevo, Domodedovo və Vnukovoda uçuşların idarə olunması müvəqqəti dayandırılıb. Şeremetyevo hava limanında sərnişinlərin təhlükəsizlik məqsədilə dərhal sığınacaqlara təxliyə edildiyi bildirilir. Hücumun miqyası və hədəflərin müxtəlifliyi rəsmi dairələrdə narahatlıq doğurub və hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Sara,
NOCOMMENT.az