İyunun 18-də Ukrayna ordusunun Moskva və ətraf bölgələrə təşkil etdiyi kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu zamanı paytaxtın ən böyük ticarət mərkəzlərindən biri olan və azərbaycanlı biznesmenlərin sahibi olduğu "Sadovod" bazarı da zərər görüb.
NOCOMMENT.az xəbər verir ki, Rusiya mediasında və sosial şəbəkələrdə yayılan məlumatlara görə, hava hücumundan müdafiə sistemlərinin və elektron mübarizə vasitələrinin PUA-ları zərərsizləşdirmək cəhdləri zamanı dron qalıqları "Sadovod" ticarət mərkəzinin ərazisinə düşüb. Hadisə nəticəsində ticarət mərkəzinin ərazisində yanğın baş verib və obyektə müəyyən dərəcədə ziyan dəyib.
Qeyd edək ki, "Sadovod" bazarı Rusiya və Azərbaycan mediasında uzun müddətdir ki, "Kiyevskaya ploşad" şirkətlər qrupunun sahibləri olan azərbaycanlı milyarderlər – Qod Nisanov və Zarah İliyev, eləcə də Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı İlham Rəhimovun biznes aktivləri siyahısında göstərilir. Rusiya mətbuatı ticarət mərkəzindəki vəziyyətin nəzarət altına alındığını və hadisə nəticəsində tələfatın olmadığını bildirib.
Xatırladaq ki, iyunun 18-i səhər saatlarında Moskvaya edilən genişmiqyaslı hücumlar zamanı paytaxtın neft emalı zavodu da hədəf alınıb, Moskva və ətrafındakı bir sıra digər yaşayış və sənaye obyektlərinə də ciddi ziyan dəyib.
Sara,
NOCOMMENT.az











