Ukrayna planı: Trampın təklifi gərginlik yaratdı – SENSASİON DETALLAR

Ukrayna planı: Trampın təklifi gərginlik yaratdı – SENSASİON DETALLAR

Ukraynada münaqişənin həlli ilə bağlı “Trampın planı” kimi təqdim olunan və mətbuata sızan yeni təkliflər paketi sürətlə yeni detallar qazanır. Lakin bu “qar topu” böyüdükcə, planın yaxın zamanda həyata keçirilə bilməsi ilə bağlı şübhələr də artır. ABŞ administrasiyasındakı anonim mənbələr hətta bu təşəbbüsün yaxın günlərdə irəliləyişə səbəb ola biləcəyini iddia etsələr də, vəziyyət buna zidd istiqamətdə inkişaf edir.

NOCOMMENT.az xəbər verir ki, sənədin (28 bənddən ibarət planın) real statusu belə aydın deyil.

Qərb mediasının iddia etdiyi kimi Moskva ilə razılaşdırıldığı fikri Rusiya rəsmiləri tərəfindən qəti şəkildə təkzib olunur.

Kremlin sözçüsü Dmitri Peskov və Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bildiriblər ki, ABŞ-la Ukrayna üzrə hər hansı yeni plan barəsində məzmunlu danışıqlar aparılmır və Vaşinqtondan belə təkliflər daxil olmayıb. Moskva tərəfindən yalnız prezidentin xüsusi nümayəndəsi Kirill Dmitrievin Rusiya və ABŞ arasında sülh layihəsi üzərində iş getdiyi barədə qeydləri mövcuddur. Peskovun “danışıqlar yoxdur, amma ümumi kontaktlar mövcuddur” sözləri isə əlavə suallar yaradır.

ABŞ dövlət katibi Marko Rubionun açıqlamaları da vəziyyətə aydınlıq gətirmir.

Onun sözlərinə görə, Vaşinqton müharibəni dayandırmağın yollarını həm Kiyev, həm də Moskvanın təklifləri əsasında axtarır və tərəfləri “ağır güzəştlərə” çağırır. Lakin Qərb mediasının yazdıqlarına əsasən, təqdim olunan variantlarda Moskvanın hansısa ciddi güzəştləri nəzərdə tutulmur – əksinə, şərtlər Rusiyanın daha əvvəl irəli sürdüyü tələblərə maksimum yaxın görünür.

The Wall Street Journal-ın iddiasına görə, “ABŞ-ın yeni sülh planı” Ukraynanın NATO-ya daxil olmasından bir neçə il – bəzi media orqanlarına görə isə 40 il müddətinə – imtina etməsini nəzərdə tutur.

Bundan əlavə, Ukraynada xarici qoşunların yerləşdirilməsinin qadağan olunması, Ukrayna Silahlı Qüvvələrinin sayının 2,5 dəfə azaldılması və uzunmənzilli silahların istifadəsinə məhdudiyyətlər qoyulması kimi tələblər də planın tərkibində yer alır. Hətta Donbasın Rusiyaya “icarəyə verilməsi” kimi mübahisəli mexanizm də müzakirə olunur ki, bu da Ukrayna Konstitusiyasının tələb etdiyi referendum məsələsini aradan qaldırdığı iddia edilir.

Başqa bir versiyaya görə, Kiyev hazırda nəzarət etdiyi Donbas bölgələrinin bir hissəsini saxlayır, həmin ərazilər demilitarizasiya olunur və beynəlxalq müşahidəçilər yerləşdirilir. Xerson və Zaporojye istiqamətində cəbhə xəttinin mövcud vəziyyətdə “dondurulması”, Ukraynanın Rusiyadan təzminat tələb etməməsi, Kiyevin “hərbi cinayətkar” saydığı şəxslərə amnistiya verilməsi də iddia edilən şərtlər arasındadır. Eyni zamanda rus dilinin statusunun genişləndirilməsi və Ukrayna Pravoslav Kilsəsinin hüquqlarının tam bərpasına dair tələblər də qeyd olunur.

Siyasi analitiklərin fikrincə, əgər Tramp administrasiyası həqiqətən belə plan hazırlayıbsa, məqsəd Zelenskinin komandasını sarsıdan korrupsiya qalmaqalından istifadə edərək Kiyevin güzəştlərə məcbur edilməsidir. Lakin bu yanaşmanın əks nəticə verə biləcəyi vurğulanır: mövqeyi zəifləyən Zelenski daha sərt və kompromissiz mövqe tuta bilər. Uzun illərdir döyüşən Ukrayna ordusunun da ağır məhdudiyyətləri qəbul etməyə hazır olub-olmadığı sual altındadır.

Avropa İttifaqının xarici işlər nazirləri təcili toplantı keçirərək sızan planı “Moskva qarşısında kapitulyasiya” kimi dəyərləndiriblər.

Aİ diplomatiyasının rəhbəri Kaya Kallas planın Rusiyaya güzəşt təklif etmədiyini bildirərək onun qəbulolunmaz olduğunu qeyd edib. Digər Avropa rəsmiləri də Ukraynanın bu şərtləri qəbul etməsinin doğru olmayacağını vurğulayıblar.

Rusiyada isə bəzi Z-bloqerlər planın müəyyən hissələrini, xüsusilə Donbasın “icarəyə verilməsi” ideyasını tənqid edərək Ukraynanın müstəqil dövlət kimi saxlanılmasına qarşı çıxıblar.

Zelenski isə hələlik rəsmi mövqe bildirməyib.

Müşahidəçilər Ukrayna prezidentinin vəziyyətini “hansı addımı atsa, daha çətin duruma düşəcəyi bir çuqçvanq” kimi qiymətləndirirlər.

NOCOMMENT.az
Analitik şöbə