Xamenei öldürülsə NƏ OLACAQ? – ŞOK SSENARİ 

Xamenei öldürülsə NƏ OLACAQ? – ŞOK SSENARİ 

İsrailin hücum etdikləri hədəflər arasında İranın Ali Rəhbəri Əli Xameneinin ofisi də var. Bu barədə “AP” məlumat yayıb. 

Hələ bir neçə gün əvvəl “Nyu-York Tayms” qəzeti İranın ali lideri Əli Xameneinin ABŞ-ın hərbi hücumu və daxili etirazlar təhlükəsi fonunda əsas hakimiyyət rıçaqlarını Laricaniyə təhvil verdiyini bildirib.

Qəzetin məqaləsində qeyd olunurdu ki, Laricani “İslam Respublikasının təhlükəsizlik və siyasi işlərində əsas ağır çəkili şəxslərdən biridir və onun rolunun gücləndirilməsi ali rəhbərliyə qarşı mümkün hücumlar və təhdidlər qarşısında rejimin sabitliyini təmin etməyə yönəlib”. Əgər doğrudan da, İsrail tərəfindən vurulan hədəflər arasında Əli Xamenei ofisinə bağlı obyektlər varsa, bu, sadəcə taktiki zərbə yox, simvolik və psixoloji təzyiq addımı kimi qiymətləndirilə bilər. Belə hədəflər adətən qarşı tərəfin komanda-idarəetmə sistemini sarsıtmaq məqsədi daşıyır.

Xameneinin səlahiyyətlərinin bir hissəsini Əli Laricaniyə ötürməsi iddiası isə başqa bir ehtimala işarə edir: Tehran mümkün hərbi zərbə və ya daxili sabitsizlik ssenarilərinə qarşı “varislik və idarəetmə davamlılığı planı” qurub. Laricaninin təhlükəsizlik və xarici əlaqələr sahəsində rolunun artması həm də o deməkdir ki, İran rəhbərliyi qərarverməni daha dar çevrədə cəmləşdirir. Bu isə böhran vəziyyətlərində sürətli reaksiya üstünlüyü versə də, eyni zamanda siyasi sistemin daha hərbiləşmiş idarəetmə modelinə keçdiyini göstərə bilər.

Vasif Həsənli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Vasif Həsənli bildirib ki, Xamneinin fiziki olaraq aradan götürüləcəyi, yaxud rejim əleyhinə çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılacağı və ya könüllü şəkildə postunu tərk edəcəyi ilə bağlı müxtəlif ssenarilər var: “Bu ssenarilərin hansının reallaşacağı helə ki, sual altındadır. Prosesin yekununda Xamneyinin hakimiyyətdən gedəcəyi ehtimalı çox böyükdür. Bunu şərtləndirən digər amillərdən biri də Xamneyinin səhhətində problemlərin olmasıdır. Hazırki vəziyyətdə İran mövcudluğunu saxlamaq üçün dəyişikliyə getməlidir. Xamneyi özü də anlayır ki, varis təyin etmədən vəfat etməsi və ya postundan kənarlaşdırılması məqsədəuyğun olmaz”.

O, qeyd edib ki, buna görə də “molla rejimi” üçün ən əlverişli ssenari Xameneinin yeni ali liderin müəyyənləşdirilməsi prosesini əvvəlcədən formalaşdırmasıdır: “Vaşinqton, Xamneyinin aradan götürülməsinin ciddi əks-təsir doğura biləcəyindən narahatdır. Ona görə də Tramp hələ ki, hücuma tələsmir. ABŞ ilə İran arasındakı danışıqların əsas istiqamətlərindən biri də rejimin təhvil verilməsidir. Bu məsələyə ABŞ və İsrailin yanaşması fərqlidir. Tel-Əviv rəhbərliyi İranda rejimin tamamilə ləğv olunamasının tərəfdarı ikən, ABŞ teokratik sistemin, prezident idarəçiliyi ilə əvəz olunmasını istəyir”.