Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra nəhayət ki, bu gün Rusiyaya səfər edəcək. Kremlin yaydığı məlumata görə, o, Baş nazir Mixail Mişustin ilə danışıqlar aparacaq.
Görüş iyulun 6-da Yekaterinburqda, beynəlxalq tədbir çərçivəsində baş tutacaq. Görəsən, danışıqlar niyə məhz Mişustinlə nəzərdə tutulub, Putinlə yox? Doğrudur, Nikol Paşinyan da baş nazirdir, Mişustin də. Amma Rusiyadan fərqli olaraq, Ermənistan parlamentli respublikadır və o səbəbə baş nazir həm də ölkənin rəhbəri, birici şəxs sayılır. Mişustin isə baş nazir olsa da, birinci şəxs deyil. Putin hələ də Paşinyanla görüşdən yayınmaqla nəyin mesajını verir? Bu, iyun seçkilərinin tanınması anlamınamı gəlir, yoxsa əksinə? Nikolun Putinlə görüşmədən geri dönməsi mümkünmü?
NOCOMMENT.az xəbər verir ki, Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Nikol Paşinyanın Rusiyaya reallaşan ilk səfərinin formatı və Kremllə təmas xətti, Moskva-İrəvan münasibətlərindəki gizli gərginliyi və etibarsızlıq böhranını bir daha çılpaqlığı ilə ortalığa qoyub. Ermənistanın dövlət idarəçilik strukturuna görə birinci şəxs statusu daşıyan Paşinyanın Yekaterinburqda Rusiyanın dövlət başçısı Vladimir Putinlə deyil, onun tabeçiliyində olan Baş nazir Mixail Mişustinlə masa arxasına əyləşdirilməsi xüsusi diplomatik və siyasi demarş xarakteri daşıyır. Kremlin rəsmi İrəvanı status baxımından aşağı pillədə qarşılaması, Moskvanın Ermənistandakı seçki nəticələri ilə tam barışmadığının və Paşinyan hökumətinə qarşı qətiyyətli təzyiq rıçaqlarını əlində saxladığının nümayişkaranə sübutudur.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, Putinin Paşinyanla şəxsən görüşməkdən imtina etməsi təsadüfi deyil və bu, İrəvanın Qərbə meylli siyasətinə qarşı tətbiq edilən diplomatik cəza metodudur: "Ermənistan konstitusiyasına görə Paşinyan ölkənin bir nömrəli rəhbəridir, lakin Rusiya prezidenti onu özünə ekvivalent tərəfdaş kimi qəbul etmədiyini açıq şəkildə göstərir. Paşinyanı 'Nömrə 2' statuslu Mixail Mişustinlə görüşməyə yönləndirməklə Moskva İrəvana 'sən bizim üçün müstəqil bir dövlət rəhbəri deyil, sadəcə icraçı bir məmursan' mesajını verir. Bu durum, iyun seçkilərinin nəticələrinin Moskva tərəfindən de-yure tanınsa da, de-fakto qəbul edilməməsi və Paşinyana inamsızlığın pik həddə olması deməkdir. Putin bu addımla Paşinyanın son dövrlərdə Qərb emissarlarını regiona yığması, KTMT-dən uzaqlaşmaq bəyanatları verməsi və Rusiya əleyhinə yürütdüyü kampaniyaların bədəlini diplomatik platformada ödədir. Paşinyanın bu səfər çərçivəsində Putinlə ikitərəfli ayrıca görüş keçirmədən geri dönməsi tamamilə realdır və bu, erməni tərəfi üçün növbəti rəqəmsal və siyasi rüsvayçılıq olacaq".
Ekspertin sözlərinə görə, Yekaterinburq danışıqlarının Mişustinin kurasiyasına verilməsi həm də o deməkdir ki, Moskva artıq İrəvanla siyasi-strateji deyil, yalnız sırf iqtisadi-ticari dildə danışmaq istəyir: "Mişustin Rusiyanın iqtisadi blokunun rəhbəridir. Kremlin bura mesajı çox sərtdir: Əgər sən siyasi baxımdan Qərbin qucağına qaçırsansa, o zaman iqtisadi məsələləri, qazın qiymətini, rüsumları, Rusiya bazarındakı erməni məhsullarının taleyini gəl rəsmi şəkildə bizim hökumət başçımızla müzakirə et. Rəsmi Moskva İrəvanın Rusiyadan gələn iqtisadi dividendləri qazanmaqla eyni zamanda anti-Rusiya cəbhəsində yer alması bumeranqını tamamilə bloklayır. Paşinyan bu səfərdə Putinlə qısa bir protokol şəkli çəkdirməyə can atacaq ki, daxili auditoriyaya 'Moskva məni qəbul edir' siqnalı ötürsün. Lakin böyük dövlətlər razılığa gəlməsə, kadr və hüquqi güzəştlər edilməsə, Paşinyanın Yekaterinburq missiyası onun növbəti geosiyasi uğursuzluğu kimi yadda qalacaq və Ermənistana qarşı iqtisadi sanksiyalar zəncirinin başlanğıcı olacaq".
Tunar,
NOCOMMENT.az











