Yanacaq böhranı pik həddə - Rusiya hələ belə ÇÖKMƏMİŞDİ

Yanacaq böhranı pik həddə - Rusiya hələ belə ÇÖKMƏMİŞDİ

Rusiyada yanacaq böhranı genişlənir. Belə ki, ötən gün Rusiyanın Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn benzin satışına məhdudiyyətlərin tətbiq olunduğunu elan edib.

NOCOMMENT.az xəbər verir ki, o, bölgədə yanacaq tələbatının nəzərəçarpacaq dərəcədə artdığını bildirərək, ajiotajın qıtlığı daha da şiddətləndirdiyini qeyd edib və bu səbəbdən operativ qərargahın qərarı ilə iyunun 24-dən etibarən yanacaqdoldurma məntəqələrində yanacağın yalnız avtomobil çənlərinə vurulmasına icazə verildiyini açıqlayıb. Qərargah yerli antiinhisar xidmətinə regionun bütün yanacaqdoldurma məntəqələrində qiymət artımına qarşı nəzarəti sərtləşdirməyi tapşırıb. Belqorod vilayətinin hakimiyyət orqanları da əsas şəbəkələrin yanacaqdoldurma məntəqələrində bir dəfəyə alına biləcək benzin və dizel miqdarına limitlər qoyulduğunu bildirib. İndi "LUKOYL" şirkətinin yanacaqdoldurma məntəqələrində fiziki şəxslərə bir ələ 30 litr benzin və ya 60 litr dizel yanacağı verilir, "Rosneft"də kanistrlərə yanacaq satışı sərhədə yaxın olanlar istisna olmaqla məhdudlaşdırılıb, "Qazprom neft"in məntəqələri isə operativ ehtiyatlar dolana qədər Aİ-95 markalı benzin satışını dayandırıb.

İyunun 23-də Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi müşavirədə Rusiya regionlarında və ilhaq edilmiş Krımda yanacaq qıtlığı ilə bağlı məruzələri dinləyib. Rusiya mətbuatının məlumatına görə, baş nazirin müavini Aleksandr Novak Rusiya bazarındakı vəziyyəti çətin, lakin nəzarət altında adlandırıb, qıtlığı isə ayrı-ayrı regionlarda və yanacaqdoldurma məntəqələrində vaxtaşırı yaranan logistik problemlərlə əlaqələndirib. Onun sözlərinə görə, Rusiya hökuməti qıtlıqla mübarizə üçün benzin və aviasiya kerosininin ixracına tam qadağaya əlavə olaraq, dizel yanacağının ixracına tam qadağa qoyulmasını da nəzərdən keçirir və bütün neft emalı zavodlarının gücü artırılıb,
təmir müddətləri qısaldılıb. Putin öz növbəsində Ukraynanın Rusiya arxa cəbhəsinə hücumlarının artmasını Kiyevin cəbhədəki vəziyyətin pisləşməsinə görə özünü doğrultmaq və danışıqlarda mövqelərini gücləndirmək cəhdi kimi qiymətləndirib.

Tümen vilayətindəki "Qazprom neft" yanacaqdoldurma məntəqələrində də yanacaq satışına məhdudiyyətlər tətbiq edilib və artıq benzin bir maşına 40 litr, dizel yanacağı isə yaşayış məntəqələrində 80, magistrallarda isə 200 litrədək satılır, kanistrlərə yanacaq doldurulması isə qadağan edilib. Rusiyanın əsas neftçıxarma regionu olan Xantı-Mansi Muxtar Dairəsində də analoji məhdudiyyətlər tətbiq olunub və yanacaq yalnız avtomobilin çəninə və qabaqcadan ödənişlə verilir.

Tomsk vilayətinin Strejevo şəhərində də eyni limitlər tətbiq edilib, Novosibirsk vilayətinin rəhbəri Andrey Travnikov isə regionda spekulyativ tələbatın qarşısını almaq üçün limitlərin tətbiqini elan edib.

Saratov, Penza, Voronej vilayətlərində də bir maşına düşən yanacaq miqdarına limitlər qoyulub.

Vladimir vilayətinin rəhbəri sakinləri avtomobillə hərəkəti azaltmağa çağırıb, Şimali Osetiya rəhbəri Sergey Menyalo isə qıtlıq fonunda toxunulmaz yanacaq ehtiyatının yaradılmasına dair tapşırıq verib. İrkutsk və Omsk vilayətlərində, eləcə də Krasnoyarsk diyarında da yanacaq satışında ciddi məhdudiyyətlər tətbiq edilir. İlhaq edilmiş Krım ərazisində isə iyunun 21-də Kerç boğazındakı logistik qovşağa edilən hücumdan sonra benzin satışı tamamilə dayandırılıb. Bir çox Rusiya regionlarında və Ukraynanın işğal olunmuş ərazilərində iyun ayında Ukrayna dronlarının Rusiya neft emalı zavodlarına hücumları nəticəsində benzin çatışmazlığı başlayıb və sənaye mənbələri vurğuların Rusiyanın mərkəzi hissəsindəki iri neft emalı zavodlarının fəaliyyətini dayandırdığını təsdiqləyir.

Əli Səfərli,

NOCOMMENT.az