Paytaxt ərazisində motosiklet və mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, cari ilin ilk 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəzalar nəticəsində 5 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb. Qeyd olunub ki, statistik göstəricilərdə azalma müşahidə edilsə də, yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir. Məlumata əsasən, iyun ayının əvvəlindən indiyədək sürücülük hüququ olmadan idarə edilən, dövlət qeydiyyat nişanı olmayan, eləcə də normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan və ya konstruksiyası dəyişdirilən 79 motosiklet və moped aşkarlanaraq mühafizə olunan duracaqlara yerləşdirilib. Həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Rəsmi statistikada müəyyən dinamika əks olunsa da, xüsusilə son günlərdə paytaxt yollarında iki təkərli nəqliyyat vasitələrinin iştirakı ilə ölümlə nəticələnən ağır qəzaların sayında ciddi artım müşahidə edilir. Bu vəziyyət cəmiyyətdə ciddi narahatlıq doğurmaqla yanaşı, qəzaların real səbəblərini və onların qarşısının alınması yollarını yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat eksperti Tale Ələddinzadə qeyd edib ki, son günlər müşahidə olunan qəza artımının kökündə həm mövsümi amillər, həm də sürücülərin məsuliyyətsizliyi dayanır: "Yay aylarının gəlişi və kuryer xidmətlərinə tələbatın pik həddə çatması yollarda moped və motosikletlərin sayını kəskin artırıb. Sürücülərin əksəriyyəti gənc və təcrübəsiz şəxslərdir. Onlar bəzən daha çox sifariş çatdırmaq və ya sadəcə adrenalin naminə sürət həddini aşır, manevr qaydalarını kobud şəkildə pozurlar. Ən dəhşətlisi odur ki, bu nəqliyyat vasitələrini idarə edənlər arasında dəbilqə və digər qoruyucu vasitələrdən istifadə etməyənlərin sayı həddindən artıq çoxdur. Bu səbəbdən baş verən ən yüngül toqquşma belə birbaşa ölüm və ya ağır kəllə-beyin travması ilə nəticələnir. Dövlət Yol Polisinin son əməliyyatla 79 moped və motosikleti duracağa yerləşdirməsi problemin miqyasını göstərir. Sürücülük hüququ olmadan, qeydiyyat nişansız yola çıxmaq digər hərəkət iştirakçılarının da həyatını birbaşa təhlükəyə atmaq deməkdir".
Onun sözlərinə görə, bu növ qəzaların qarşısını tamamilə almaq üçün təkcə reydlər kifayət etmir, daha köklü və sistemli addımların atılması mütləqdir: "İlk növbədə, mopedlərin idarə edilməsi üçün qanunvericilik bazası və nəzarət mexanizmi daha da sərtləşdirilməlidir. Mühərrikinin həcmindən asılı olmayaraq, yollarda hərəkət edən bütün iki təkərli mexaniki nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalı və mütləq nömrə nişanı ilə təmin olunmalıdır. Bu, kameraya düşən qayda pozuntularına görə cəzaların qaçılmazlığını təmin edəcək. Digər tərəfdən, kuryer şirkətləri üzərinə böyük məsuliyyət qoyulmalıdır. Şirkətlər işə götürdükləri sürücülərdən mütləq şəkildə sürücülük vəsiqəsi, tibbi arayış tələb etməli və onları xüsusi qoruyucu geyimlərlə təmin etməlidir. Həmçinin sifarişlərin çatdırılma vaxtı ilə bağlı qoyulan aqressiv vaxt limitləri ləğv olunmalıdır, çünki bu limitlər kuryerləri yollarda ölüm yarışına çıxmağa məcbur edir. Yalnız kompleks hüquqi tənzimləmə, ciddi korporativ məsuliyyət və fasiləsiz polislə nəzarət tədbirləri sayəsində biz bu qanlı qəzaların qarşısını ala bilərik".
Tunar,












